“Xəbəri eşidəndə huşumu itirdim” - Əsir Hüseynin anası

ÖLKƏ
17:09 / 07.12.2023
389

Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

“Qafqazinfo” əsirin anası Şəlalə Axundova ilə əlaqə saxlayıb. 

Ana bu xəbəri eşidən anda huşunu itirdiyini deyib: “Sonuncu dəfə noyabrın 23-də danışmışıq. Noyabrın 27-si isə məktubları bizə gəlib çatıb. Onların yanında başqa söz deyə bilmir. O vaxt cəzasının dəyişdirildiyindən xəbərimiz yox idi. O da heç nə demədi. Bircə yaxşı olduğunu dedi. Amma bütün tanışlarımızın adını bir-bir çəkdi ki, mənim adımdan hər birindən halallıq istə. O sözündən sonra ürəyimdə qara qaldı ki, oğlumun başına nəsə iş gələcək”. 

Xatırladaq ki, bu ilin aprelində Naxçıvan MR-in Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - Bəbirov Aqşin Qabil oğlu (2004) və Axundov Hüseyn Əhliman oğlu (2003) Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan H. Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilib. Mayın 8-i A. Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

0