“Parlament seçkiləri geridə qalsa da, Ermənistanla Rusiya arasındakı gərginlik davam edir”.
Bu sözləri siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, daha çox Rusiya tərəfindən Ermənistana qarşı ittihamların və təhdidlərin artması ilə müşahidə olunur:
“Ermənistan daxilində bu qarşıdurmanın əsas əlamətlərini Nikol Paşinyan hakimiyyətinin Rusiyayönümlü revanşist müxalifətə qarşı təhdidləri, hədələri və onların cinayət məsuliyyətinə cəlb edilməsi prosesində görürük. Artıq müxalifət lideri Robert Köçəryan və onun rəhbərlik etdiyi “Ermənistan” blokunun bir sıra üzvlərinə qarşı cinayət işi açılıb.
Həmçinin, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan da həbsdədir. Hətta onun qardaşı oğlu Narek Karapetyan haqqında da cinayət işi açılıb. Eyni zamanda, blokun seçkilərdə qalib gəlmiş bir sıra namizədləri barəsində də cinayət işi qaldırılıb. Bütün bunlar Rusiya ilə Ermənistan arasındakı münasibətlərin gərgin olduğuna işarədir”.
Ekspert qeyd edib ki, Paşinyan seçkilərdən əvvəl Rusiyanın dəstəklədiyi “üçbaşlı əjdahanın” üçünün də başını “kəsəcəyi”ni açıqlayıb:
“O, Samvel Karapetyan, Robert Köçəryan və milyonçu Qagik Tsarukyanı nəzərdə tuturdu. Artıq Qagik Tsarukyan barəsində də cinayət işinin qaldırılması üçün araşdırmalara başlanılıb. Bütün bunlar göstərir ki, Ermənistan daxilində Rusiyayönümlü qüvvələrlə Nikol Paşinyan iqtidarı arasında qarşıdurma davam edir və bu qarşıdurmanın tezliklə də başa çatacağı gözlənilmir.
Artıq birbaşa Kremldən Nikol Paşinyana hədələr var. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu günlərdə Ermənistan rəhbərliyini iqtisadi embaqolarla hədələyib, qazın qiymətlərinin qaldırılması ilə təhdid edib. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Daimi Şurasının sədri, Rusiyanın KTMT-dəki nümayəndəsi Viktor Vasilyev Ermənistanı bu təşkilatdan çıxarılmaqla hədələyib. Dmitri Medvedev də öz növbəsində Avrasiya İqtisadi İttifaqındakı üstünlüklərdən Ermənistanın məhrum ediləcəyini bildirib. Bütün bunlar münasibətlərin gərgin fazada davam etdiyini göstərir”.
Müşfiq Abdulla düşünür ki, Rusiya Ermənistanın Avrointeqrasiya siyasətinin Ukrayna ssenarisi üzrə davam edəcəyindən qorxur:
“Çünki 2014-cü ildə Avrasiya İqtisadi İttifaqı yarananda Ukraynaya seçim imkanı verilmişdi: ya Avrasiya İqtisadi İttifaqına üzv olmalı, ya da Avropa İttifaqının Assosiasiya sazişinə qoşulmalı idi. O vaxt Ukrayna Prezidenti Yanukoviç Avrasiya İqtisadi İttifaqına üzv olsa da, Avropa İttifaqının dəstəyi ilə Ukraynada “narıncı inqilab” baş verdi. Nəticədə, maydan hərəkatı yaşandı, prezident qaçdı və hakimiyyət dəyişdi.
Ukraynada yeni qurulan qərbyönümlü hakimiyyət Avropa İttifaqının Assosiasiya sazişinə imza atdı. Rusiya ilə Ukrayna arasındakı gərginliyin, qarşıdurmanın tarixi əslində, bu müharibənin mənşəyi o vaxta gedib çıxır. Bəziləri bundan məlumatsız olaraq kimisi Zelenskini qınayır, kimisi 2022-ci ildəki vəziyyəti təhlil etməyə çalışır, amma bu hadisələrin, Rusiya qarşıdurmasının mənbəyi, kökü 2014-cü ildəki həmin hadisələrə gedib çıxır”.
Həmsöhbətimiz xatırladıb ki, bu proses sonra Moldovada davam etdi:
“Yəni Moldova da öz növbəsində Assosiasiya sazişinə imza atmış dövlət kimi siyasi-hüquqi islahatlara getdi, ardınca MDB-dən çıxdı, Avrasiya İqtisadi İttifaqına qoşulmaqdan imtina etdi və proseslər Rusiyanın regional təsir imkanlarını azaltdı. İndi Rusiya eyni vəziyyətin Ermənistanda təkrar olunacağından qorxur. Ona görə də Ermənistanla münasibətlər gərgin artan xətt üzrə davam edir.
Hesab edirəm ki, bu proses belə də qalacaq. Çünki Qırğızıstanda Avrasiya İqtisadi İttifaqı dövlət başçılarının keçiriləcək sammitində Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdə müəyyən anlaşmalar əldə oluna bilər. Həmçinin, Paşinyanın münasibətlərdəki gərginliyi və Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu qadağaları aradan qaldırmağa çalışma ehtimalı var”.
Lakin Müşfiq Abdulla bu prosesin belə asanlıqla həll olunacağını zənn etmir:
“Çünki Rusiyanın konkret tələbləri var. Rusiya Ermənistandan Avrasiya İqtisadi İttifaqında qalıb-qalmamaq barədə referendum keçirməsini tələb edir. Bu isə o deməkdir ki, Rusiya Ermənistan parlamenti tərəfindən qəbul edilən Avropa İttifaqına üzvlüyə başlanılması haqqında qanuna xitam verməsini və bu məsələnin konstitusiyaya daxil edilməməsini istəyir.
Yalnız ondan sonra münasibətlərdə yumşalmanın baş verə biləcəyi deyilir. Nikol Paşinyanın seçkilərdə qələbəsi münasibətilə Rusiya tərəfindən təbrik edilməməsi və indiyə qədər legitimliyinin tanınmaması da məhz bu təzyiq prosesinin nəticəsidir. Ona görə də yaxın vaxtlarda vəziyyətin, münasibətlərin normallaşacağı gözlənilmir”.
Siyasi şərhçi əlavə edib ki, Ermənistanın maraqları strateji baxımdan Avrointeqrasiya istiqamətindədir:
“Ermənistan qısa müddətdə Azərbaycanla sülh sazişi imzalayıb, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq və ardınca Avropa İttifaqının inteqrasiya siyasətini götürmək istəyir. Söhbət burada əslində Avropa İttifaqına üzvlükdən yox, Avropa İttifaqına namizədlik statusunu qazanmaq üçün siyasi, iqtisadi və hüquqi islahatlara başlanılmasından gedir.
Bu islahatların nəticəsi olaraq da Ermənistan vaxtilə Gürcüstanın qazandığı imkanları əldə etmək istəyir. Ona görə də düşünürəm ki, yaxın aylarda Ermənistan hakimiyyəti Avrointeqrasiya istiqamətində daha sərt addımlar atacaq”.
Elmir Mustafa



