Gənclərin liderlik və layihə idarəetməsi bacarıqları inkişaf etdirilir

SOSİAL
17:06 / 26.12.2025
16

Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin (AEGEE-Bakı) təşkilatçılığı ilə "Local Training Course — Yerli Təlim Kursu” həyata keçirilir. Layihə gənclərin əmək bazarına hazırlığını gücləndirməyə, şəxsi və peşəkar inkişafına dəstək göstərməyə yönəlib.

Proqram çərçivəsində liderlik, layihə idarəetməsi, insan resursları və maliyyə mövzularında interaktiv təlimlər təşkil olunur. Sessiyalarda iştirakçılar bu sahələrin əsas prinsipləri ilə tanış olur, təşkilati fəaliyyətdə tətbiq olunan yanaşmaları müzakirə edirlər.

Layihə idarəetməsi üzrə təlimlərdə ideyaların formalaşdırılması, məqsədlərin müəyyənləşdirilməsi və fəaliyyətlərin planlaşdırılmasına diqqət ayrılır. Liderlik mövzusunda sessiyalar isə komanda daxilində əməkdaşlıq, məsuliyyət bölgüsü və səmərəli ünsiyyət məsələlərini əhatə edir.

Qeyri-formal təhsil yanaşmasına əsaslanan proqram gənclərin öyrənmə prosesində fəal iştirakına imkan yaradır. İştirakçılar müzakirələr zamanı öz fikirlərini bölüşür, suallarını ünvanlayır və fərqli təcrübələrlə tanış olurlar.

Təlimlərlə yanaşı, gənclər arasında yeni əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi də layihənin əsas istiqamətlərindəndir. Proqram iştirakçıların gələcəkdə həm iş mühitində, həm də gənclər təşkilatlarının fəaliyyətində daha hazırlıqlı və təşəbbüskar iştirakını hədəfləyir.

0