Numerologiyaya görə, doğum tarixi insanın xarakteri və münasibətlərdəki davranışları barədə müəyyən təsəvvür yarada bilər. Bu yanaşmada bəzi rəqəmlərin bir-biri ilə daha çox ziddiyyət təşkil etdiyi, belə cütlüklərin anlaşmaq üçün əlavə səy göstərməli olduğu iddia edilir.
HİT.az xəbər verir ki, bu barədə UNIAN nəşri “Clarín”ə istinadən məlumat yayıb.
Numeroloq Marsela Matteuççinin sözlərinə görə, rəqəmlər əsasında münasibətləri təhlil etmək insanın özünü və romantik əlaqələrdə qarşılaşdığı çətinlikləri daha yaxşı anlamasına kömək edə bilər. Bununla belə, mütəxəssis heç bir cütlüyün əvvəlcədən uğursuzluğa məhkum olmadığını, bəzi uyğunluqların sadəcə daha çox ünsiyyət, anlayış və güzəşt tələb etdiyini vurğulayıb.
Numerologiyada uyğunluğu müəyyənləşdirmək üçün doğum tarixinin rəqəmləri toplanaraq 1-dən 9-a qədər bir rəqəmə endirilir. Bu rəqəm “həyat yolu rəqəmi” adlandırılır və hər birinə müəyyən xarakter xüsusiyyətləri aid edilir.
1 rəqəmi — müstəqillik və liderlik mübarizəsi
Numerologiyaya əsasən, 1 rəqəmi ilə əlaqələndirilən insanlar müstəqilliyə, təşəbbüskarlığa və öz qərarlarını verməyə üstünlük verirlər. Onların 2 rəqəmi ilə əlaqələndirilən, emosional yaxınlığa daha çox ehtiyac duyan insanlarla münasibətlərində fikir ayrılıqları yarana bilər.
4 rəqəmi ilə bağlı əsas çətinlik hər iki tərəfin qaydaları müəyyənləşdirmək və vəziyyətə nəzarət etmək istəyi, 6 rəqəmi ilə isə ailə və şəxsi inkişaf arasında yaranan prioritet fərqləridir. 8 rəqəmi ilə münasibətlərdə də liderlik uğrunda rəqabət meydana çıxa bilər.
2 rəqəmi — diqqət və emosional yaxınlıq ehtiyacı
2 rəqəmi ilə əlaqələndirilən insanlar münasibətlərdə qarşılıqlı anlaşmaya və hisslərin ifadəsinə önəm verirlər. Buna görə müstəqilliyə üstünlük verən 1 rəqəmi, sosial həyata daha çox vaxt ayıran 3 rəqəmi və azadlığı sevən 5 rəqəmi ilə münasibətlərdə anlaşılmazlıqlar yarana bilər.
7 rəqəmi ilə əlaqələndirilən insanların tək qalmaq və düşünmək ehtiyacı da 2 rəqəmi ilə bağlı xarakter xüsusiyyətlərinə malik tərəfdaş üçün emosional məsafə kimi görünə bilər. Hər iki tərəf mübahisədən qaçmaq üçün hisslərini gizlətdikdə isə narazılıqlar zamanla arta bilər.
3 rəqəmi — əyləncə ilə ciddilik arasında fərq
Numerologiyada 3 rəqəmi ünsiyyət, yaradıcılıq və sosial fəallıqla əlaqələndirilir. Bu xüsusiyyətlərin daha sakit və nizamlı həyat tərzinə üstünlük verən insanlarla toqquşa biləcəyi iddia olunur.
4 rəqəmi ilə münasibətlərdə planlaşdırma və məsuliyyət, 7 rəqəmi ilə isə ünsiyyətə və şəxsi məkana fərqli yanaşma əsas fikir ayrılığına çevrilə bilər. 8 rəqəmi ilə bağlı münasibətlərdə də həyatın ciddiliyi və əyləncəyə ayrılan vaxt barədə fərqli gözləntilər ön plana çıxa bilər.
4 rəqəmi — qayda-qanun nəzarətə çevrilə bilər
4 rəqəmi sabitlik, intizam və əvvəlcədən planlaşdırma ilə əlaqələndirilir. Bu xüsusiyyətlər 1 rəqəmi ilə qərarvermə, 3 rəqəmi ilə təşkilatçılıq, 5 rəqəmi ilə isə azadlıq və gündəlik qaydalar mövzusunda münaqişələrə səbəb ola bilər.
9 rəqəmi ilə münasibətlərdə də praktik yanaşma ilə idealist baxışlar arasında fərqlər yarana bilər. Tərəflərdən biri özünü təhlükəsiz hiss etmək üçün digərinin davranışlarını həddindən artıq nəzarətdə saxlamağa çalışdıqda münasibətlər daha da gərginləşə bilər.
5 rəqəmi — azadlıq və öhdəliklər arasında ziddiyyət
5 rəqəmi yenilik, dəyişiklik və sərbəst qərarvermə istəyi ilə əlaqələndirilir. Belə insanların 2 rəqəmi ilə münasibətlərində emosional təhlükəsizlik, 4 rəqəmi ilə gündəlik qaydalar, 6 rəqəmi ilə isə ailə öhdəlikləri barədə fikir ayrılıqları yarana biləcəyi bildirilir.
Belə cütlüklərdə bir tərəf özünü məhdudlaşdırılmış, digəri isə diqqətdən kənarda qalmış hiss edə bilər. Numeroloqlar bu tip münasibətlərdə şəxsi sərhədlərin və ortaq gözləntilərin əvvəlcədən müzakirəsini vacib sayırlar.
6 rəqəmi — ailə qayğıları və şəxsi sərbəstlik
6 rəqəmi ailəyə bağlılıq, qayğıkeşlik və sabit münasibət qurmaq istəyi ilə əlaqələndirilir. Bu yanaşmaya görə, 1 rəqəmi ilə şəxsi inkişaf və müstəqillik, 5 rəqəmi ilə azadlıq, 7 rəqəmi ilə isə təklik ehtiyacı münasibətlərdə çətinlik yarada bilər.
9 rəqəmi ilə bağlı fikir ayrılıqları isə ailəyə və daha geniş sosial çevrəyə ayrılan diqqətin fərqli olması ilə izah edilir.
7 rəqəmi — şəxsi məkan ehtiyacı
7 rəqəmi ilə əlaqələndirilən insanlar düşünməyə, tək qalmağa və dərin söhbətlərə üstünlük verən şəxslər kimi təsvir olunur. Onların 2 və 6 rəqəmləri ilə münasibətlərində emosional yaxınlığın miqdarı, 3 rəqəmi ilə isə sosial fəallıq və sakitliyə ehtiyac arasında ziddiyyət yarana bilər.
Tərəflərdən biri hisslərini izah etmədən özünə qapandıqda, digəri bunu laqeydlik kimi qəbul edə bilər.
8 rəqəmi — uğur və hakimiyyət uğrunda rəqabət
8 rəqəmi ambisiya, məsuliyyət və maddi sabitliyə can atmaqla əlaqələndirilir. 1 rəqəmi ilə münasibətlərdə liderlik mübarizəsi, 2 rəqəmi ilə emosional ehtiyacların nəzərə alınmaması, 5 rəqəmi ilə risk və planlaşdırmaya fərqli münasibət problemlər yarada bilər.
9 rəqəmi ilə isə praktik məqsədlərlə idealist baxışlar arasında fikir ayrılığı meydana çıxa bilər. Münasibətlərdə qərarların bir tərəfin nəzarəti altında olması münaqişələri dərinləşdirə bilər.
9 rəqəmi — yüksək gözləntilər və məyusluq
9 rəqəmi empatiya, idealizm və başqalarına yardım etmək istəyi ilə əlaqələndirilir. Bu yanaşmaya əsasən, 1 rəqəmi ilə fərdi maraqlar, 4 rəqəmi ilə praktik yanaşma, 6 rəqəmi ilə ailə öhdəlikləri, 8 rəqəmi ilə isə maddi məqsədlər barədə fikir ayrılıqları yarana bilər.
Bundan başqa, 9 rəqəmi ilə əlaqələndirilən insanların tərəfdaşlarını həddindən artıq ideallaşdırması və münasibətlərə yüksək gözləntilərlə yanaşması sonradan məyusluğa səbəb ola bilər.
Rəqəmlər münasibətlərin taleyini müəyyən edirmi?
Numeroloq vurğulayır ki, çətin hesab edilən rəqəm uyğunluğu münasibətin mütləq uğursuz olacağı demək deyil. Bu yanaşmaya görə, fərqləri anlamaq, açıq ünsiyyət qurmaq və qarşılıqlı güzəştə getmək münasibətlərin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, numerologiyanın insanların xarakterini və romantik münasibətlərdə uyğunluğunu doğum tarixi əsasında etibarlı şəkildə müəyyən etdiyini təsdiqləyən elmi sübut yoxdur. Buna görə sadalanan uyğunluqları elmi nəticə deyil, numeroloji inanclar kimi qiymətləndirmək lazımdır.
Samir


