Avropanın ən etibarlı xizək kurortları açıqlandı - SİYAHI

DÜNYA
22:54 / 28.10.2026
64

Avropada qış tətili üçün ən etibarlı xizək kurortları müəyyənləşdirilib. Araşdırmanın nəticələrinə əsasən, qar örtüyünün sabitliyi və xizək infrastrukturunun işləkliyi baxımından İtaliya, Avstriya və Fransanın dağlıq bölgələri önə çıxıb.

HİT.az-ın “Euronews”ə istinadən yaydığı məlumata görə, turizm şirkəti Inghams Ski Şimal yarımkürəsində 100-dən çox məşhur xizək kurortu və bölgəsini təhlil edərək etibarlılıq reytinqi hazırlayıb. Qiymətləndirmə 100 ballıq şkala üzrə aparılıb.

Araşdırma zamanı kurortlarda lift və trasların işlək vəziyyəti, qar örtüyünün kifayətliliyi, mövsümlər üzrə sabitlik, əlverişsiz hava şəraitinə davamlılıq və dağlardakı qarın orta qalınlığı nəzərə alınıb. Təhlil 2017-2018-ci ildən 2025-2026-cı ilədək olan qış mövsümlərinin göstəricilərini əhatə edib. Əsas diqqət yanvarın 5-dən martın 20-dək olan dövrə yönəldilib.

Reytinqdə ilk yeri İtaliyanın Ponte di Lenyo-Tonale bölgəsi tutub. Bu istiqamət 93,1 bal toplayıb. İkinci pillədə 92,9 balla Avstriyanın Obertauern kurortu, üçüncü yerdə isə 92,2 balla Fransanın Les Arcs kurortu qərarlaşıb.

Avropanın ən etibarlı 10 xizək istiqaməti belə sıralanıb:

1. Ponte di Lenyo-Tonale, İtaliya – 93,1 bal
2. Obertauern, Avstriya – 92,9 bal
3. Les Arcs, Fransa – 92,2 bal
4. Les Trois Vallées, Fransa – 91,1 bal
5. Alpe d’Huez, Fransa – 90,5 bal
6. Kitzsteinhorn, Avstriya – 89,6 bal
7. Filzmoos, Avstriya – 89,5 bal
8. Tignes-Val d’Isère, Fransa – 89,4 bal
9. Espace San Bernardo, Fransa və İtaliya sərhədi – 89,2 bal
10. Damüls-Mellau, Avstriya – 89,1 bal

Ponte di Lenyo-Tonale İtaliyanın şimalında, Lombardiya və Trentino bölgələri arasında yerləşir. Burada 46 xizək trası mövcuddur, ən yüksək nöqtə isə dəniz səviyyəsindən 3016 metr yüksəklikdədir. Passo del Tonale ərazisi Presena buzlağının yaxınlığında yerləşir və ümumi tras uzunluğu 44 kilometrdən çoxdur.

İkinci yerdə qərarlaşan Obertauern Avstriyanın Zalsburq əyalətində, 1752 metr yüksəklikdə yerləşir. Kurortda müxtəlif hazırlıq səviyyələrinə uyğun 100 kilometrdən çox xizək trası var. Mövsüm, adətən, noyabrdan may ayınadək davam edir. Bölgədə dağ xizəyi ilə yanaşı, xizək yürüşləri üçün də marşrutlar mövcuddur.

Fransanın Les Arcs kurortu isə 3226 metrədək yüksələn dağlıq ərazidə yerləşir və 200 kilometr xizək trasına malikdir. Kurort dünyanın ən böyük birləşdirilmiş xizək zonalarından biri olan Paradiski sisteminə daxildir. Les Arcs, Peisey-Vallandry və La Plagne istiqamətlərini birləşdirən bu zonada ümumilikdə 425 kilometr tras fəaliyyət göstərir.

Araşdırma müəllifləri vurğulayırlar ki, yüksək reytinq heç bir kurortda bütün hava şəraitində qarın olacağına zəmanət vermir. Bununla belə, tarixi göstəricilər qış tətili üçün daha sabit şəraitə malik istiqamətləri seçməyə kömək edə bilər.

Samir

0