Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

SOSİAL
23:32 / 28.10.2026
58

Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən (“pro bono” hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtinaya görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər isə 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, hazırda Milli Məclisin müzakirəsində olan “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsi insan və vətəndaş hüquq və azadlıqlarının, habelə qanuni maraqların müdafiəsi, pulsuz hüquqi yardımdan yararlanmaq hüququna malik şəxslərin keyfiyyətli hüquqi yardımla təmin edilməsi, bu yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarının müəyyənləşdirilməsi məqsədi daşıyır.

Layihəyə əsasən, pulsuz hüquqi yardım ilkin və peşəkar hüquqi yardım formasında göstəriləcək. İlkin hüquqi yardım şəxslərin hüquq və vəzifələri, hüquqların məhkəmədənkənar və məhkəmə qaydasında həyata keçirilməsi və hüquq müdafiə üsulları barədə məlumatlandırılmasını, ərizə, şikayət və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsini, eləcə də peşəkar hüquqi yardım anlayışına daxil olmayan digər yardım formalarını əhatə edəcək.

Peşəkar hüquqi yardım isə cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, zərərçəkmiş şəxsin və xüsusi ittihamçının təmsil edilməsi, insan alveri qurbanlarına, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara, məişət zorakılığından zərər çəkmiş şəxslərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardım göstərilməsi, inzibati xəta haqqında işlər üzrə müdafiə və təmsilçilik, mülki və inzibati mübahisələrdə məhkəmə təmsilçiliyi, həmçinin Konstitusiya Məhkəməsində və digər dövlət orqanlarında hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş şəxslərin təmsil edilməsini nəzərdə tutur.

Layihədə “pulsuz hüquqi yardım” dövlət büdcəsinin vəsaiti hesabına ilkin və ya peşəkar hüquqi yardımın göstərilməsi kimi müəyyən edilir. Eyni zamanda, “pro bono” hüquq xidməti anlayışı da ayrıca təsbit olunur. Buna əsasən, vəkillər bu qanun layihəsində nəzərdə tutulan şəxslərə ictimai fayda naminə, ödəniş tələb etmədən ildə azı 30 saat pulsuz hüquqi yardım göstərməlidirlər. İlkin hüquqi yardım isə paraleqallar, vəkil köməkçiləri və qanun layihəsində nəzərdə tutulan digər qurumlar tərəfindən göstərilə biləcək.

0