Niyə böyük şəhərlərdə yaşayanlarda psixoloji problemlər daha çox olur?

SAĞLAMLIQ
16:00 / 25.11.2026
118

“Müasir və böyük şəhərlərdə yaşayan insanlarda psixoloji problemlərin daha çox müşahidə olunmasının bir neçə mühüm səbəbi var”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əslində, insanın yaşadığı mühit onun psixoloji vəziyyətinə birbaşa təsir göstərə bilir:


“Çünki insan yalnız sosial münasibətlərdən deyil, yaşadığı məkanın ritmindən, səs-küyündən, gündəlik tələblərindən və həyat şəraitindən də psixoloji olaraq təsirlənir. Böyük şəhərlərdə həyat daha sürətlidir.

İnsan daim harasa tələsir, iş, maddi məsuliyyətlər, rəqabət, karyera, sosial gözləntilər və zaman çatışmazlığı ilə üz-üzə qalır. Bu davamlı gərginlik sinir sisteminin uzun müddət yüksək oyanıqlıq vəziyyətində qalmasına səbəb ola bilər”.

Ekspert qeyd edib ki, insan fiziki olaraq istirahət etsə belə, zehni olaraq dayana bilmir:
“Nəticədə xroniki stress, narahatlıq, yuxu problemləri, emosional tükənmə və depressiv əlamətlər yarana bilər. Digər mühüm faktor sosial təcriddir.

Maraqlıdır ki, böyük şəhərlərdə milyonlarla insan bir-birinə çox yaxın yaşasa da, emosional baxımdan bir-birindən uzaq ola bilir. İnsanların ünsiyyəti daha çox funksional xarakter daşıyır. Qonşusunu tanımayan, dərdini bölüşəcək yaxın insan tapmaqda çətinlik çəkən, özünü böyük kütlənin içində tək hiss edən insanların sayı az deyil”.

Psixoloq diqqətə çatdırıb ki, fiziki olaraq insanların əhatəsində olmaq emosional olaraq bağlı olmaq demək deyil:
“Kənd və rayon həyatında isə bəzi hallarda sosial münasibətlər daha sıx, ailə və qonşuluq bağları daha güclü, təbiətlə təmas daha çox olur. İnsan gündəlik həyatında daha çox sosial dəstək hiss edə bilər. Açıq havada vaxt keçirmək, təbiətlə təmas, daha sakit həyat ritmi də stressin azalmasına müsbət təsir göstərə bilər.

Ancaq burada bir məqamı xüsusi vurğulamaq istəyirəm kənd və rayonlarda yaşayan insanların psixoloji problemlərinin mütləq daha az olduğunu demək düzgün olmaz. Sadəcə bəzi problemlər orada daha az aşkar edilə, psixoloqa müraciət etmək imkanı məhdud ola və ya psixoloji çətinliklər başqa formada ifadə oluna bilər”.

Zəhra Zahidovanın sözlərinə görə, bəzən insan yaşadığı narahatlığı psixoloji problem kimi tanımır, onu həyatın adi bir hissəsi hesab edir:
“Fikrimcə, məsələ yalnız hansı şəhərdə yaşamağımızda deyil, həmin mühitin bizdən nə tələb etməsində və bizim o mühitə necə uyğunlaşmağımızdadır. Eyni şəhərdə yaşayan iki insanın psixoloji vəziyyəti tamamilə fərqli ola bilər. Çünki burada insanın uşaqlıq təcrübələri, şəxsiyyət xüsusiyyətləri, sosial dəstəyi, maddi vəziyyəti və streslə mübarizə bacarıqları da mühüm rol oynayır.

Unutmamalıyıq ki, insanı yalnız yaşadığı şəhər deyil, o şəhərdə necə yaşadığı, özünə nə qədər zaman ayırdığı, hansı münasibətlərin içində olduğu və emosional ehtiyaclarını nə dərəcədə qarşıladığı formalaşdırır. Bəzən insanın dəyişməli olduğu ilk şey yaşadığı şəhər deyil, özünə və həyata yanaşma tərzidir”.

Pərviz

0