Diqqəti gücləndirmək üçün gündə neçə addım atmaq lazımdır?

SAĞLAMLIQ
23:51 / 20.10.2026
61

Gündə 8 mindən çox addım atmaq diqqətin cəmlənməsinə, kənar amillərdən yayınmamağa və qərarvermə qabiliyyətinə müsbət təsir göstərə bilər. ABŞ-ın Beylor Tibb Kollecinin alimləri fiziki aktivliklə koqnitiv bacarıqlar arasında əlaqə olduğunu müəyyən ediblər.

HİT.az xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan araşdırmada 18-93 yaş aralığında olan 3093 amerikalının məlumatları təhlil edilib. İştirakçıların gündəlik fiziki aktivliyi fitnes qolbaqlarının köməyi ilə ölçülüb, daha sonra onların diqqət, impulsiv qərarların idarə olunması, mükafatın dərhal və ya gec əldə edilməsi arasında seçim və üz ifadələrindən emosiyaların tanınması bacarıqları yoxlanılıb.

İştirakçılar gündəlik addım sayına görə üç qrupa bölünüblər. Birinci qrup gündə orta hesabla 5108, ikinci qrup 8875, üçüncü qrup isə 14 mindən çox addım atıb. Nəticələr göstərib ki, daha çox hərəkət edən iştirakçılar diqqəti cəmləmək, diqqəti yayındıran amilləri nəzərə almamaq və qərar vermə ilə bağlı testlərdə daha yaxşı nəticələr göstəriblər. Ən yüksək fiziki aktivliyə malik qrup davamlı diqqət üzrə ən yaxşı göstəricilərə sahib olub.

Yaş, təhsil, gəlir və digər amillər nəzərə alındıqdan sonra gündə təxminən 8875 addım atanların diqqət testindəki nəticələri ən az hərəkət edən qrupdan orta hesabla 1,76 bal yüksək olub. Gündə təxminən 14 min addım atanlarda isə fərq 2,17 bal təşkil edib.

Tədqiqat zamanı sistolik qan təzyiqinin yüksək olması ilə qərarvermə testlərində nisbətən zəif nəticələr arasında da əlaqə aşkarlanıb. Bununla belə, həmin amilin ümumi nəticələrə təsiri böyük olmayıb.

Alimlər fiziki aktivliyin maddələr mübadiləsini yaxşılaşdırmaq, iltihabı azaltmaq və sinir sisteminin uyğunlaşma qabiliyyətini dəstəkləmək yolu ilə beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini ehtimal edirlər. Lakin araşdırmada bu mexanizmlər birbaşa yoxlanılmayıb. Müəlliflər həmçinin vurğulayırlar ki, tədqiqat fiziki aktivliklə diqqət arasında əlaqəni göstərir, səbəb-nəticə münasibətini isə qəti şəkildə sübut etmir.

Samir

0