İnsan beyninin üz cizgilərinə görə qiymətləndirmə apardığı 5 meyar açıqlandı

SAĞLAMLIQ
21:16 / 20.10.2026
63

İnsan beyni qarşılaşdığı şəxslər haqqında ilk təəssüratı formalaşdırarkən üz cizgilərini beş əsas meyar üzrə qiymətləndirir. Kaliforniya Texnologiya İnstitutu və Kolumbiya Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma göstərib ki, insanlar başqalarını şüurlu şəkildə müəyyən sözlərlə təsvir etməsələr belə, onları oxşar xüsusiyyətlərə görə qruplaşdırırlar.

HİT.az “Nature Human Behaviour” jurnalında dərc olunan tədqiqatda 3 mindən çox könüllü iştirak edib. Təcrübə zamanı onlara insan üzlərinin fotoları təqdim olunub və iştirakçılardan xaraktercə oxşar hesab etdikləri şəxslərin şəkillərini ekranda bir-birinə yaxın yerləşdirmək istənilib. Araşdırmanın nəticələri göstərib ki, insanların ilk təəssüratları əsasən beş istiqamətdə formalaşır.

Bunlardan birincisi təhlükə və ünsiyyətə açıqlıq meyarıdır. Qiymətləndirmələrdə ən böyük paya malik olan bu istiqamət insanların qarşı tərəfə yaxınlaşmağa, yoxsa ondan uzaq durmağa meyilli olduqlarını əks etdirir və nəticələrin 27 faizini izah edir. İkinci meyar cinslə əlaqələndirilən isti münasibət və soyuqluq xüsusiyyətləridir (17 faiz). Digər istiqamətlər isə səriştəlilik (12 faiz), əxlaqi keyfiyyətlər (11 faiz) və gənc görünüşlə (9 faiz) bağlıdır. Bu beş meyar ümumi qiymətləndirmə fərqlərinin 76 faizini əhatə edib.

Tədqiqatın ikinci mərhələsində müxtəlif irqi qruplara aid insanların fotolarından istifadə olunub. Bu dəfə qiymətləndirmələrdə irqi mənsubiyyət daha ön plana çıxıb, cins və milli mənsubiyyətlə bağlı stereotiplərin təsiri də müşahidə edilib. Alimlər bildirirlər ki, ilk təəssüratın formalaşma mexanizmi oxşar olsa da, konkret qənaətlər insanın qarşısında hansı şəxsləri görməsindən və mövcud stereotiplərdən asılı olaraq dəyişə bilər.

Araşdırma müəlliflərinin fikrincə, üz cizgilərinə əsaslanan ani mühakimələr işə qəbul, şəxsi münasibətlər, seçkilər və hətta məhkəmə qərarları kimi mühüm məsələlərə təsir göstərə bilər. Lakin bu cür qiymətləndirmələr həmişə dəqiq olmur və insanın həqiqi xüsusiyyətlərindən daha çox müşahidəçinin qərəzlərini əks etdirə bilər. Buna görə də alimlər mühüm qərarlar verərkən ilk təəssürata həddindən artıq güvənməməyi tövsiyə edirlər.

Samir
 

0