Yulaf sıyığı tərkibindəki lif, zülal, vitaminlər, minerallar və antioksidantlar sayəsində həzm sisteminin fəaliyyətini dəstəkləyən qidalardan biridir. Mütəxəssislərin fikrincə, onun müntəzəm istehlakı bağırsaqların sağlamlığına müsbət təsir göstərə və həzm prosesinin daha yaxşı işləməsinə kömək edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Verywell Health” portalı məlumat yayıb.
Məqalədə yulaf sıyığının həzm sistemi üçün üç əsas üstünlüyü qeyd olunub.
İlk növbədə, yulaf bağırsaqların müntəzəm fəaliyyətinə kömək edir. Tərkibindəki həll olunmayan lif nəcisin həcmini artıraraq qəbizlik riskini azaltmağa və bağırsaqların daha nizamlı boşalmasına şərait yaradır.
İkinci üstünlüyü isə bağırsaq mikrobiomunu dəstəkləməsidir. Yulafın tərkibindəki lif faydalı bağırsaq bakteriyaları üçün qida rolunu oynayır. Bu proses mikrobiomun tarazlığının qorunmasına kömək edə bilər.
Üçüncü olaraq, yulaf sıyığı toxluq hissinin daha uzun müddət davam etməsinə şərait yaradır. Məhsulda olan həll olunan lif növlərindən biri — beta-qlükan həzm prosesini ləngidərək qidanın bağırsaqlarda daha uzun müddət qalmasına kömək edir. Nəticədə insan daha gec acır və həddindən artıq yemək ehtimalı azala bilər.
Məqalədə yulafın emal dərəcəsinə də diqqət çəkilir. Daha az emal olunmuş yulaf dənələri və doğranmış yulaf daha yavaş həzm olunur və adətən daha aşağı qlikemik indeksə malik olur. Hazır və tez bişən yulaf növləri isə daha çox emal edildiyindən fərqli xüsusiyyətlərə sahib ola bilər.
Bununla belə, yulaf sıyığının faydalarından yararlanmaq üçün onu balanslı qidalanmanın bir hissəsi kimi istehlak etmək vacibdir. Lif qəbulunu qəfil artırmaq bəzi insanlarda köp və qaz yarada bildiyindən, miqdarı tədricən artırmaq və kifayət qədər su içmək tövsiyə olunur.
Samir


