Gənclər arasında stressin əsas səbəblərindən biri müəyyənləşib

SAĞLAMLIQ
23:13 / 20.10.2026
60

Vacib işləri təxirə salmaq vərdişi tələbələr arasında stressin ən geniş yayılmış səbəblərindən biridir. Kembric Universitetinin alimləri müəyyən ediblər ki, prokrastinasiya təkcə emosional gərginliyi artırmır, həm də tələbələrin akademik nəticələrinə mənfi təsir göstərir.

HİT.az xəbər verir ki, “PLOS ONE” jurnalında dərc olunan araşdırmada ABŞ-ın 97 ali təhsil müəssisəsində oxuyan 65 950 tələbənin sorğu məlumatları təhlil edilib. İştirakçılardan təhsil, sağlamlıq və gündəlik həyatla bağlı 36 müxtəlif problem, o cümlədən maliyyə çətinlikləri, narahatlıq, depressiya, yuxu pozuntuları və ailə problemləri barədə məlumat vermələri istənilib.

Nəticələrə görə, sorğuda iştirak edənlərin 72,3 faizi işləri təxirə salmaq vərdişindən əziyyət çəkdiyini bildirib. Tələbələrin 45,7 faizi bu davranışın onlarda ciddi stress yaratdığını, 45,4 faizi isə dərslərinə mənfi təsir göstərdiyini qeyd edib.

Tədqiqatçılar prokrastinasiyanın akademik göstəricilərə təsirinin bir sıra digər problemlərlə müqayisədə daha çox olduğunu müəyyən ediblər. Belə ki, işləri təxirə salmaq vərdişi qiymətlərə maliyyə çətinliklərindən 2,8 dəfə, diqqət çatışmazlığı və hiperaktivlik sindromundan (DEHB) isə 3,5 dəfə daha çox təsir göstərib.

Problem xüsusilə bakalavr pilləsində təhsil alan tələbələr arasında geniş yayılsa da, magistratura və doktorantura səviyyəsində oxuyanlarda da müşahidə edilib.

Alimlər prokrastinasiyanı mümkün mənfi nəticələri əvvəlcədən bilindiyi halda vacib işləri əsassız olaraq sonraya saxlamaq kimi izah edirlər. Bu vərdiş imtahanlara son anda hazırlaşmaq, tapşırıqların son tarixini davamlı olaraq gecikdirmək və mühüm layihələri təxirə salmaq şəklində özünü göstərə bilər. Tədqiqatçılara görə, belə davranış stressi gücləndirə və məhsuldarlığı azalda bilər.

Samir

0