SİYASƏT
14:59 / 20.01.2023
590

Xroniki günahkar axtarışı - qətliamın sifarişçiləri, icraçıları ortadaykən...

32 ildir hər ilin bu günü gələndə 20 Yanvar faciəsinin təfərrüatlarına, səbəb və nəticələrinə dair çoxsaylı məqalələr, açıqlamalar dərc olunur, iddialar səslənir.

Gerçəkdən xalqımızın sinəsinə çalın-çarpaz dağ çəkmiş həmin faciəni unutmaq, üstündən keçmək mümkün deyil və yəqin ki, bu, faciənin 100-cü ildönümündə də eynilə bugünkü kimi xatırlanacaq.

Bu məsələdə normal olmayan yeganə məqam odur ki, aradan keçən 33 ildə 20 Yanvar hadisələri ilə bağlı, demək olar ki, bütün əhəmiyyətli detallar hər kəsə bəlli olsa da, yenə “faciənin mübhəmlərinin “araşdırılması” davam edir.

Bəzi adamlar hər il bu tarixi hadisənin üstünə elə bir tövrdə gedirlər ki, sanki onların ortaya çıxardığı onuncu dərəcəli yeni bir detaldan sonra xalq barmağını dişləyərək deyəcək: “Aaa, heç demə, 20 Yanvar faciəsi buna görə baş veribmiş. Ay-ay-ay! Bunu indiyədək necə bilməmişik! Bizi necə aldadıblar!”

66553.jpg (27 KB)

Elə şey yoxdur. 20 Yanvar facisənin səbəbləri elə qanlı hadisələr baş verən gün bəlliydi və iki gün sonra Azərbaycan parlamentində təşkil olunan iclasda çıxış edənlər tərəfindən doğru-düzgün qiyməti verilib, möhürü vurulub.

Bu, Qarabağın Ermənistana verilməsinə qarşı çıxan xalqın milli-azadlıq hərəkatını boğmaq, iradəsini sındırmaq üçün müstəmləkəçi rus-sovet hökumətinin, Moskvanın dinc xalqa qarşı törətdiyi hərbi cinayət idi. Bu təsbit 100 ildən, 1000 ildən sonra da dəyişməyəcək.

1990-cu ildən bəri keçən uzun illərdə çoxları bu hadisədən bəhs edərkən ittiham vektorlarını dəyişməyə çalışır. Faciənin ilk ilində deyirdilər, Qorbaçovda günah olmayıb, ona yanlış məlumatlar veriblər. 1990-91-ci illərdə faciənin günahını o dövrün aparıcı siyasi təşkilatı AXC-nin və onun ayrı-ayrı liderlərinin belinə şələləmək cəhdləri də şiddətli idi. Moskva belə buyurmuşdu.

1639459219_08-18-33-0bdf9429370b7df4b48946ae0b16a622.jpg (108 KB)

Sonrakı illərdə dedilər, sovet-rus ordusunda günah olmayıb, o aldığı tapşırığı icra edib.

SSRİ dağılandan sonra aparıcı xətt belə oldu ki, bu faciənin törədilməsində rus xalqının məsuliyyəti yoxdur, bunu dağılmış SSRİ-nin beynəlmiləl tərkibli Siyasi Bürosu edib.

Sonra 20 Yanvarın əsas baiskarının Qorbaçov olduğu elan edildi.

Günümüzdə də bu müzakirə, polemika davam edir. Hərə bir söz deyir.

Ancaq obyektiv adamların 33 il öncəki rəy və qənaəti dəyişməz qalır: 20 Yanvar faciəsi adı dəyişmiş rus imperiyasının öz sərhədlərini qorumaq, azadlıq istəyən xalqlara müstəqillik verməmək, yüzlərlə xalqı əsarət altına alaraq azman dövlət qurmaq, gizli-gizli velikorus şovinizmi siyasəti yeridən Moskvanın əsəridir. Bu gün Kreml tərəfindən Ukraynada aparılan müharibə də, prinsipcə, həmin əsərin fəsillərindən biridir.

Bütün bu gerçəkliklər ortadaykən bəzi həmkarlarımızın “20 Yanvar faciəsi Qorbaçov-AXC-Qərb kəşfiyyatının cinayət əməlidir” kimi yanlış qənaəti sosial şəbəkədə tirajlaması heyrət doğurur. Hazırda yaşı 40-dan az olan milyonlarla insan bu gerçəklikləri bilməyə, bu cür qənaətləri oxuyub yanlış düşüncəyə qapıla bilərlər, amma biz bu mövzunu bilirik axı. O qazanın içində tam bişənə qədər qaynamışıq.

2016-10-28-20-51-2020-yanvar-qirgin-kuce.jpg (131 KB)

Qorbaçovun bu işdə məsuliyyət payını, cinayət əmsalını demişik, burası aydındır. Amma o tək deyildi. Siyasi Büroda yekdil qərar qəbul edilməyincə öz konstitusiyasi olan federasiya subyektinə qoşun yeritmək mümkün olmazdı. Deməli, Qorbaçovla yanaşı, bu cinayətdə Kommunist Partiyası və onun Siyasi Bürosunun üzvləri də məsuliyyət daşıyır, hələ bu hərbi cinayətin törədilməsini sanksiyaıdıranların tapşırığını artıqlaması ilə icra edənlər də.

AXC-nin hüquqi-siyasi-mənəvi məsuliyyətinə gəlincə, söhbət yalnız mənəvi məsuliyyətdən gedə bilər. O zamanlar xalq öz həyati problemindən ötrü meydana çıxmamalıydımı, məruz qaldığı təzyiqlərə, ayrı-seçkiliklərə etiraz etməməliydimi, özünə yönləndirici təşkilat qurmamalıydımı? AXC ayrıca götürülmüş bir təşkilat deyildi, xalq nə tələb edirdisə, xalqın fikri nəydisə, AXC rəhbərləri də onu icra edirdi. Yalnız bir neçə nəfərin təşkilatın iradəsindən fərqli, daha radikal mövqe tutmasından söhbət gedə bilər. Bu amil vardı, amma bu da əliyalın xalqın gülləbaran edilməsinə əsas vermirdi.

Qaldı Qərb kəşfiyyatının faciədə rolu barədə deyilənlərə, tamamilə absurddur. Qərb dövlətləri SSRİ-nin tamam dağılmasını, çoxlu müstəqil dövlətlər yaranmasını istəmirdilər, yumşalmasını, hərbi baxımdan zəifləməsini, demokratiya yoluna düşməsini istəyirdilər və Qorbaçovu islahatçı lider sayaraq tam dəstəkləyirdilər. Bu dövlətlə əslində respublikalardakı milli-azadlıq hərəkatlarının ortaya çıxardığı təşkilatları “millətçi təşkilatlar” sayırdılar və onlarla işbirliyində deyildilər. Kimdə belə bir fakt varsa ki, AXC liderlərinin Qərb ölkələrinin hansınınsa xüsusi xidmət orqanları ilə əlaqəsi olub və təşkilat onların tapşırığını icra edib, açıqlasın, mənbə göstərsin.

Qərb ölkələrinin SSRİ daxilində milli müstəvidə dağıdıcılıq planı mövcud olubsa da, o planda əsas rolu yalnız erməni millətindən olan şəxslər oynayıblar. Bunun tarixi ötən əsrin 60-cı illərindən başlayır.

7768.jpg (242 KB)
1945-ci ilin iyulu. Potsdam konfransı. Stalinin sağında erməni-sovet millətçilərinin lideri Amazasp Arutyunyan

Məsələn, o illərdə SSRİ-nin Kanadada Amazasp (Amo) Ovakimoviç Arutyunyan (1902-1971) adlı, Bakı ermənisi olan bir səfiri olub. O, Kanadadan qayıdandan sonra, 1964-69-cu illərdə SSRİ XİN-də beynəlxalq iqtisadi əlaqələr şöbəsinin müdiri işləyərkən öz evini erməni millətçilərinin qərargahına çevrib. Arutyunyan başına yığdığı gənclərə beynəlxalq siyasətdən, dövlətlərin “daxili” mətbəxindən, SSRİ dağılacağı halda Ermənistanın nə etməli olduğundan, yüksək dairələrdə qərarların necə qəbul edildiyindən danışır, dərs keçirmiş. Özünü onun tələbəsi sayan, sonradan Ermənistanın baş naziri olmuş Vazgen Manukyan onu belə xatırlayır: “Onun evi ermənilik mərkəzi idi. Məsələn, mən Silva Kaputikyanla məhz orda tanış olmuşam. Marşal Bayramyanla, Ermənistan KP MK-nın sabiq birinci katibi Yakov Zarobyanla, o dövrün ən nüfuzlu xadimləri ilə o evdə dəfələrlə rastlaşmış və söhbətləşmişəm”.

Yəni ermənilər millətçilik xəttinə, Qarabağın Azərbaycandan qoparılması ideyasına, eləcə də “erməni genosidi” məsələsinin qabardılması hərəkatına hələ 60-cı illərdən başlayıblar və bu işə xaricdə səfri olmuş, 1930-cu ildə ABŞ-da təhsil almış Amo rəhbərlik edib. Onun ABŞ və Kanadadakı erməni diasporu ilə sıx əlaqəsi olmamış deyildi.

Bəs Azərbaycandan kim xarici ölkədəki diaspor təşkilatlarıyla və ya hansısa kəşfiyyatla əlaqədə olub? Heç kim. Yoxdur belə bir adam. Varsa, adı çəkilsin, əlaqələri göstərilsin.

Ona görə də hər zaman olub-keçənlərə düzgün qiymət vermək, obyektiv dəyərləndirmək və gənc nəslin qafasını qarışdırmamaq lazımdır.

0