Təbiətdə yaşamağın ən əsas qaydası doğru zamanda doğru yerdə olmaqdır. Bir çox canlı növü üçün bu qayda nəsil davamlılığı prosesində həyati əhəmiyyət daşıyır. Marallardan fillərə qədər bir çox heyvan enerjisini yalnız ilin müəyyən dövrlərində çoxalmağa yönəldir. Çünki hər an çoxalmağa hazır bir bədənlə yaşamaq göründüyündən daha yüksək bioloji xərc yaradır.
HİT.az xəbər verir ki, insan növü isə bu sərt təbiət qaydasını çox uzun zaman əvvəl yumşaltmağı bacarıb. Bizim üçün təqvimdə hansı ayın olması əsas rol oynamır; bioloji saatımız ilboyu eyni ritmdə fəaliyyətini davam etdirir. İnsanların bu “mövsümsüz” xüsusiyyətinin əsas səbəblərindən biri inkişaf etmiş sosial quruluşdur.
Vəhşi təbiətdə bir canlı balasını ən çox qidanın olduğu bahar aylarına salmalı olur, əks halda aclıq və sərt hava ölüm riski yaradır. Lakin insanlar mürəkkəb sosial şəbəkələr quraraq bu riski xeyli azaldıblar. Qrup daxilində yardımlaşma və qidanın paylaşılması doğumun zamanlamasını həyati bir məcburiyyətdən çıxarıb. Artıq qorunmaq və qidalanmaq üçün yalnız təbiətin şərtlərinə deyil, bir-birimizə də güvənə bilirdik. Bu güvən mühiti cinsiyyət davranışının yalnız çoxalma vasitəsi deyil, fərdlər arasında əlaqəni gücləndirən sosial mexanizmə çevrilməsinə şərait yaradıb.
Elmi baxımdan insanların yumurtlama dövrlərini açıq şəkildə göstərməməsi də bu prosesin bir hissəsidir. “Gizli yumurtlama” adlandırılan bu vəziyyət qrup daxilində sabitliyin qorunmasına kömək edib.
Bununla belə, tamamilə müstəqil olduğumuzu demək də doğru olmaz. Statistikalar göstərir ki, müasir insanlarda belə doğum göstəriciləri müəyyən dövrlərdə toplanma meyli göstərir. Məsələn, qış aylarının sərt keçdiyi bölgələrdə doqquz ay sonrasına təsadüf edən sentyabr aylarında doğum artışı müşahidə olunur. Qütblərə yaxın ərazilərdə bu mövsümi təsir daha aydın görünür, ekvatora yaxın bölgələrdə isə daha sabit paylanma qeydə alınır. Yəni bioloji məhdudiyyətlərdən böyük ölçüdə azad olsaq da, təbiətin ritmi hələ də müəyyən dərəcədə hiss olunur.
Samir


