Xanəndə İlkin Əhmədov "Vağzalı" musiqisi ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Əməkdar artist son dövrlər toy mərasimlərində "Vağzalı" havasının səsləndirilməsinə qarşı çıxanların olduğunu deyərək buna etiraz edib. Sənətçi bildirib ki, Azərbaycan toyunu bu musiqisiz təsəvvür etmir.
Onun sözlərinə görə, bəylə gəlinin zala daxil olması zamanı fərqli kompozisiyaların səslənməsinə etirazı yoxdur. Lakin ənənəvi "Vağzalı"nın ən azından gəlin evdən çıxarkən və ya toyun sonunda ifa olunmasının vacib olduğunu vurğulayıb.
İlkin Əhmədov açıqlamasında "Vağzalı"nın Azərbaycan toy mədəniyyətinin ayrılmaz hissəsi olduğunu qeyd edərək, bu musiqinin səslənməsini istəməyənlərin fikirlərini qəbul etmədiyini bildirib.
Sənətçinin "Vağzalı səslənməsini istəməyənlərin qanı, geni azərbaycanlı deyil" sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında bu fikirləri dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də olub.(Milli.az)


