Avropada yay tətili üçün yeni trend istiqamətlər populyarlıq qazanır.
HİT.az “traveloffpath.com”a istinadən xəbər verir ki, bu yay həmin məkanları hələ kütləvi turist axını başlamadan görmək və nisbətən sakit mühitdən zövq almaq üçün son fürsətlərdən biri ola bilər. Bu yerlər hələ tam turist izdihamı ilə yüklənməyib və qiymətlər də daha münasibdir.
Söhbət İtaliya və İspaniyada yerləşən iki ən dəbli yay istirahət istiqamətindən gedir.
Tropea, İtaliya
“Tripadvisor”un son məlumatlarına görə, Tropea Avropada ən sürətlə populyarlaşan ikinci istiqamətdir və hazırda yay mövsümünün ən trend məkanlarından biri sayılır. Şəhər bir vaxtlar Amalfi sahillərinin kütləvi turizmə qədərki sakit atmosferini xatırladır.
Tropea dəniz sahilində qayalıq üzərində yerləşir və uzun qumlu çimərliklərə, həmçinin kristal kimi şəffaf mavi dənizə panoramik mənzərə təqdim edir.
Qiymətlər isə nisbətən münasibdir: yerli barlarda aperitiv içki 10 dollardan ucuz başa gəlir, orta səviyyəli otellərdə gecələmə isə təxminən 95 dollar təşkil edir.
Yay mövsümündə çimərlik tamamilə boş olmasa da, burada əsasən yerli sakinlər və nisbətən az sayda turist istirahət edir.
Bilbao, İspaniya
Bilbao “Tripadvisor”un qiymətləndirməsinə görə bu yay Avropanın ən trend şəhəri seçilib və artıq bir müddətdir diqqət mərkəzindədir.
Şəhər birbaşa dənizkənarı kurort olmasa da, Bask bölgəsinin mədəni atmosferini daşıyır: dar küçələri olan köhnə şəhər, bəzəkli balkonlu binalar və çoxsaylı tapas barları ilə tanınır. Burada pinços və çakoli kimi yerli yeməklər təqdim olunur.
Bilbaoda məşhur Quqqenhaym Muzeyi yerləşir. Muzey Cekson Pollok və Endi Uorhol kimi dünya şöhrətli rəssamların əsərlərini sərgiləyir və sakit, rahat atmosferi ilə seçilir.
Şəhər eyni zamanda Avropanın Atlantik sahilində yerləşən Donostia (San-Sebastian) və Ondarribiya kimi məşhur sahil şəhərlərinə yaxın məsafədədir. Bu bölgələr rəngarəng sahil binaları və geniş qumlu çimərlikləri ilə turistləri cəlb edir.
Samir


