Paşinyanın hərəkətlərindəki ziddiyyət: Ərdoğanla niyə danışıb?

SİYASƏT
14:45 / 12.09.2023
844

Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

Söhbət zamanı Ermənistan-Türkiyə münasibətləri və regional məsələlər müzakirə olunub.

Göründüyü kimi, Paşinyan bir tərəfdən Azərbaycanla sərhədə ordu yığır, təxribatçı açıqlamalar verir, digər tərəfdən Ərdoğana zəng edir, sülhdə maraqlı olduğunu söyləyir. Onun bu addımları isə adekvat deyil. 

Politoloq Teymur Qasımlı Hit.az-a açıqlamasında bildirib ki, Paşinyan çox ustalıqla diplomatik manevrlər edir:

"Burada təəccüblü bir şey yoxdur. Paşinyan çox ustalıqla diplomatik manevrlər edir, oyunlar oynayır, hətta Rəcəb Tayib Ərdoğanın andiçmə mərasimində iştirak edir. Ona görə də Paşinyan addım atırsa, deməli arxasında Vaşinqton var ki, belə ürəklə fikirlər deyir. O, öz maraqlarını güdür, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün düzgün diplomatik gedişlər edir. Ümumiyyətlə, Paşinyan iqtidara gəldikdən sonra Qətərdə səfirlik açılması danışıldı, İsraillə yaxınlaşma var. Son olaraq da Türkiyə-Ermənistan münasibətlərini düzəltməyə çalışır. 

Türkiyə Ermənistan rəhbərlərinin danışması, aranın yaxşı olmasının bizə müsbət və ya mənfi tərəfi də yoxdur. Ona görə də Paşinyan çox vektorlu diplomatiya aparır. Paşinyan yığıb ABŞ-la təlim keçirir, İran isə bundan narahatdır. O, birbaşa ABŞ-dan təhlükəsizlik təminatı alıb ki, bu oyunları oynayır. Dövlətlərin dostu yox, marağı olur. Hamı öz dövlətini qorumaq üçün belə siyasi gedişlər edir. Biz də buna qarşı düzgün hesablanmış strateji taktika  aparmalıyıq".

Aynur Əli

0