ABŞ Prezidenti Donald Tramp Qrelandiya ilə bağlı hədəfinə nail olub.
Belə ki, ABŞ, Danimarka və Qrenlandiya rəhbərləri adanın təhlükəsizliyinə dair yeni saziş imzalayıb. Sazişə əsasən, ABŞ Qrelandiyada 2 yeni böyük hərbi baza açacaq. Üstəlik, razılaşmada NATO-ya üzv olmayan ölkələrin Qrenlandiyada hərbi baza tikməsi qadağan olunacaq, Çin və Rusiyadan gələn investisiyaları bloklamağa imkan verən xüsusi yoxlama mexanizmi yaradılacaq.
Üstəlik, Donald Tramp ABŞ-nin Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə etdiyini, razılaşmanın müddətsiz olduğunu və qüvvədə olma müddətinin başa çatmayacağını açıqlayıb.
Maraqlıdır, Danimarka və Qrelandiya nə üçün geri addım atdı?
Politoloq Anar İsayev Hit.az-a açıqlamasında deyib ki, bu razılaşmanı “Danimarka və Qrenlandiya ABŞ-yə təslim oldu” kimi yox, məcburi geosiyasi kompromis kimi qiymətləndirmək daha doğru olar:
“Burada əsas məqam Qrenlandiyanın suverenliyinin qorunmasıdır. Yəni ada ABŞ-yə verilmir, amma Vaşinqton adanın təhlükəsizliyində əvvəlkindən xeyli böyük rol əldə edir. Qrenlandiya Arktikanın strateji mərkəzində yerləşir. ABŞ üçün ada Şimali Amerika ilə Avropa arasındakı müdafiə xəttinin, Şimal Atlantikanın və Arktikaya çıxışın mühüm hissəsidir. Ona görə də ada ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
Danimarkanın özü isə Qrenlandiyanın nəhəng ərazisini müstəqil şəkildə hərbi baxımdan qorumaq imkanlarına malik deyil və ABŞ ilə qarşı-qarşıya gəlməkdənsə, təhlükəsizlik yükünün bir hissəsini Vaşinqtona ötürməklə NATO daxilində qalmağa üstünlük verir. Yəni Kopenhagen üçün seçim faktiki olaraq “ABŞ olsun, ya olmasın”dan çox, Vaşinqtonun artan rolunu hansı şərtlərlə qəbul etmək məsələsinə çevrilir”.
Onun sözlərinə görə, burada Çin və Rusiya amilini də nəzərdən qaçırmaq olmaz:
“Razılaşmadakı Çin və Rusiyadan investisiyaların yoxlanılması mexanizmi təsadüfi deyil. Vaşinqton Qrenlandiyanı yalnız hərbi deyil, həm də strateji resurslar, limanlar, infrastruktur və Arktika marşrutları baxımından rəqabət məkanı hesab edir. Kopenhagen də Çin və Rusiyanın adada strateji möhkəmlənməsini istəmir.
Qrenlandiyanın öz siyasi gələcəyini saxlaya bilməsi isə razılaşmanın ən mühüm hissələrindən biridir. Əldə olunan razılaşmaya əsasən Qrenlandiya gələcəkdə müstəqillik məsələsini özü müəyyənləşdirmək hüququnu saxlayır. Deməli, ABŞ-nin hərbi mövcudluğunun genişlənməsi avtomatik olaraq Qrenlandiyanın Amerika ərazisinə çevrilməsi demək deyil”.
Anar İsayev diqqətə çatdırıb ki, Trampın ilkin məqsədi Qrenlandiyanı ABŞ-yə bağlamaq idi:
“Razılaşmanın bu formasında isə Vaşinqton ərazini əldə etmir, amma strateji təsiri əhəmiyyətli dərəcədə artırır. Bu baxımdan “Tramp Qrenlandiyanı aldı” demək hüquqi baxımdan düzgün olmaz. Daha dəqiq ifadə etsək, deyə bilərik ki, Tramp Qrenlandiyanın ABŞ-nin strateji təhlükəsizlik orbitinə daha dərindən daxil olmasını təmin edən razılaşma əldə edib. Yəni Qrenlandiya geri çəkildi, amma suverenlikdən imtina etmədi. Danimarka güzəştə getdi, amma öz siyasi gələcəyini qorudu, ABŞ isə ərazi əldə etmədən strateji mövqeyini gücləndirdi”.
Elmir Mustafa



