Rəsmi Bakıdan Fransanın XİN başçısına cavab

SİYASƏT
16:31 / 21.09.2023
316

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna tərəfindən səsləndirilən olduqca məsuliyyətsiz açıqlamalar bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə dair şərhində bildirilib.

"Qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən yerli antiterror tədbirləri, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb.

Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizm və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqdən başqa bir şey deyil.

Fransanın BMT Təhlükəsizlik Şurasının öncəki iclaslarında Azərbaycanı təkləmək cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, bu ölkənin növbəti dəfə Təhlükəsizlik Şurasından bölgəni məhdud şəkildə anlayan siyasəti və mövcud həqiqətlərin danılması üçün istifadə etmək cəhdi təhlükəli olmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etmir.

Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə və Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Bu xüsusda, Fransanın erməni sakinlərin mövcud olmayan "kütləvi deportasiyası" ilə bağlı iddiası yalnız bu ölkənin Azərbaycana qarşı növbəti ittihamları səsləndirməsi üçün mövcudluğuna ümid bəslədiyi bir düşüncədir.

Bütün qeyri-qanuni silahlı birləşmələrin qısa zaman ərzində tam tərksilah edilməsi və çıxarılması, habelə qanunsuz qondarma rejiminin buraxılması, mərkəzi hökumət nümayəndələri ilə yerli erməni sakinlər arasında onların Azərbaycanın Konstitusiyası çərçivəsində bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə reinteqrasiyası ilə bağlı məzmunlu dialoq üçün şəraitin yaradılmasının açarıdır.

Bunun da öz növbəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də müsbət töhfə verəcəyini hesab edirik.

Erməni sakinlər ilə Azərbaycan rəsmiləri arasında birbaşa dialoqun, bölgədə tərksilah və demilitarizasiyanın praktiki baxımdan icrasına başlanılması ilə müşayiət olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, xüsusilə Fransa tərəfindən vəziyyətin dəyərləndirilməsi dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq hüquq normalarına uyğun olmalıdır", - qeyd olunub.

0