Yay aylarının gəlişi ilə havanın kəskin qızması və rütubətin artması dəri problemlərinin, xüsusən də müxtəlif səpkilərin çoxalmasına rəvac verir.
Bu dövrdə həddindən artıq tərləmə, intensiv günəş şüaları və dərinin yağ balansının pozulması məsamələrin tutulmasına şərait yaradır. Nəticədə həm böyüklər, həm də uşaqlar arasında qızartı və ya günəş allergiyası kimi narahatlıqlar daha tez-tez müşahid olunur.
Mütəxəssislər bildirirlər ki, yayda gigiyena qaydalarına riayət etmək və düzgün geyim seçimi dərini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Əks halda, adi görünən xırda səpkilər belə vaxtında tədbir görülmədikdə daha ciddi dermatoloji problemlərə çevrilə bilər.
Ümumiyyətlə, yay aylarında səpkilərin artması nədən qaynaqlanır?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən həkim-terapevt, tibbi ekspert Rasif Bağırov bildirib ki, yay aylarında dəridə səpkilərin əmələ gəlməsi müxtəlif səbəblərdən baş verir:
“Bəzən günəş şüalarının təsiri nəticəsində dəridə müəyyən ləkələr yaranır. Həddindən artıq çox günəş altında qaldıqda səpkilər də meydana gələ bilər, çünki ultrabənövşəyi şüaların təsirindən zədələnmiş dəridə səpkilərin yaranması mümkündür.
Bununla yanaşı, yay aylarında insanlar əsasən bitki mənşəli qidalara daha çox üstünlük verirlər. Bitki qidalarından istifadə edərkən bəzən hansısa tərəvəzə qarşı konkret reaksiyası olan və ya qida məhsulları ilə bağlı narahatlıq keçirən insanlara rast gəlinir. Belə hallarda mədə-bağırsaq sistemində müəyyən pozuntular meydana çıxır”.
Həkim qeyd edib ki, qidaların istifadəsi zamanı onların gigiyena qaydalarına riayət edilmədən, yəni təmiz yuyulmadan qəbul olunması mədə-bağırsaq sistemində pozuntu yaradır:
“Bu da öz növbəsində səpkilərə və müxtəlif allergik proseslərə gətirib çıxarır. Adətən bu kimi proseslər səbəbindən səpkilər yaranır, lakin bunlar çox ağır hal hesab olunmur.
İnsan özünü günəş şüalarından qoruduqda, qidaların təmiz yuyulmasına və gigiyenasına maksimal dərəcədə diqqət yetirdikdə belə hallar yaşanmır. Hətta belə səpkilər yaransa belə, onları aradan qaldırmaq elə də çətin bir problem yaratmır”.
Pərviz



