Texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın hər kəs üçün əlçatan olduğu bir dövrdə belə, falçılara müraciət edən insanların sayı azalmır.
Bəziləri bunu çıxılmaz vəziyyətdə ümid axtarışı, digərləri isə gələcəyi öyrənmək istəyi ilə əlaqələndirir. Bəs insanlar niyə hələ də falçıların dediklərinə inanırlar və cəmiyyətdə bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, qədim zamanlardan insanlar fövqaladə hadisələrə inanıb, bəzən də müxtəlif vasitələrlə problemlərin həllini umublar:

“Təbiət hadisələrinə və abidələrinə sitayiş edilən zamanlar da olub. Eyni zamanda, falçılıq kimi mövzulara da müraciət ediblər. Təbii ki, bu cəhalətdən, mövhumat və xurafatın artmasından irəli gəlir. İnsanların savad, təhsil dərəcəsi zəif olduqda problemlərin həllini təcrübə, fəaliyyət sayəsində deyil, digər fövqəladə qüvvələr tərəfindən həll etməyə inanıblar”.
Ekspert qeyd edib ki, cəmiyyətimizdə falçıların çoxalmasının əsas səbəbi xurafatçılığın həddindən artıq dərəcədə atmasıdır:
“İkinci səbəb isə cəhalət və sosial vəziyyətin ağırlaşmasıdır. İşsizlik, ailə problemləri, çətin yaşam çıxış yolu tapmaq üçün insanları belə məsələlərə inanmağa meylləndirir. Həmçinin falçılıqla məşğul olan şəxslər də dələduzluq, şarlatanlıq vasitəsi ilə qazanc əldə etməyə çalışırlar”.
Ekspert bildirib ki, mötədil dini inanclar hamısı falçılığı qadağan edir, günah sayır:
“Lakin bununla bağlı gərək dini təmsil edən şəxslər maarifləndirmə aparsınlar. Məscidlərdə xütbələr oxunur və ya çox zaman aidiyyəti olmayan söhbətlər edilir. Halbuki belə problemlərdən danışıb əhalini maarifləndirmək lazımdır. Hər şeyi dövlətin, qanunun üstünə atmaq olmaz. Elə məsələlər var ki, onları gərək cəmiyyətin özü həll etməlidir. Lakin bununla yanaşı əgər falçılıq kimi məsələlər daha geniş vüsət alarsa digər ölkələrin təcrübəsinə əsasən müvafiq qanun qəbul edilib qadağan edilə bilər”.
Günel Cəlilova


