Ukrayna müharibəsi nə üçün Trampın gündəmində deyil?

DÜNYA
15:30 / 04.08.2026
203

“ABŞ Prezidenti Donald Tramp seçki kampaniyasında Ukrayna müharibəsini qısa müddətdə dayandıracağını vəd etsə də, hakimiyyətə qayıtdıqdan sonra bunun gözlənildiyi qədər asan olmadığını fərq etdi”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, çətinliyin əsas səbəbi isə Kiyevin və Moskvanın strateji hədəflərindən geri çəkilməməsidir: 


“ABŞ-nin vasitəçiliyi ilə müxtəlif təşəbbüslər irəli sürülsə də, Rusiya öz şərtlərini sərtləşdirdi, Ukrayna isə ərazi itkilərini legitimləşdirəcək razılaşmanı qəbul etmədi, əsla da qəbul etməyəcək. Bu səbəbdən də Tramp administrasiyasının münaqişəni sürətlə bitirmək planı nəticə vermədi.

Son aylarda Ukrayna müharibəsinin əvvəlki qədər gündəmdə görünməməsinin əsas səbəbi isə onun bitməsi deyil, beynəlxalq diqqətin Yaxın Şərqdəki gərginliklərə, İran ətrafında baş verən hadisələrə və qlobal iqtisadi risklərə yönəlməsidir. Lakin bu, əlbəttə ki, Vaşinqtonun Ukraynadan imtina etməsi anlamına gəlmir”.

Ekspert bildirib ki, ABŞ strateji baxımdan Rusiyanın uzunmüddətli zəifləməsinin davam etməsində maraqlıdır:
“Müharibə uzandıqca, Moskva həm iqtisadi, həm hərbi, həm də demoqrafik baxımdan ciddi resurs itkiləri ilə üzləşir. Bu kontekstdə belə bir geosiyasi yanaşma irəli sürmək olar ki, Tramp üçün əsas məsələ mütləq sülh sazişi imzalamaq deyil, ABŞ-nin maraqlarına uyğun beynəlxalq balans yaratmaqdır.

İranın zəiflədilməsi istiqamətində atılan addımlardan sonra Vaşinqtonun diqqətinin yenidən Rusiyaya yönəlməsinin şahidi olacağıq. Çünki ABŞ üçün əsas rəqiblər üçlük şəklində qiymətləndirilir. Bu üçlük də təbii ki, Çin, Rusiya və İrandır. İranın imkanları məhdudlaşdırıldıqca, növbəti əsas strateji rəqibin Rusiya olacağı gözləniləndir”.

T. Qulami diqqətə çatdırıb ki, Rusiyanın hazırkı vəziyyətinə baxdıqda isə zəifləmə əlamətləri kifayət qədər nəzərə çarpır: 
“Ukraynda ciddi şəkildə irəliləyir, torpaqlarının işğaldan azad olması üçün əlindən gələni edir. Müharibənin davam etməsi Rusiyanın maliyyə ehtiyatlarını tükəndirir, müdafiə sənayesi böyük təzyiq altında işləyir, yüksək texnologiyalara çıxış sanksiyalar səbəbindən məhdudlaşıb, əmək bazarında ciddi çatışmazlıq yaranıb və demoqrafik itkilər artır. 

Eyni zamanda, Avropa ölkələri müdafiə xərclərini yüksəldərək, Rusiyanın uzunmüddətli təzyiq aləti olmaq imkanlarını məhdudlaşdırmağa çalışırlar. Bütün bunlar göstərir ki, Moskva qısa müddətdə tam məğlub olmasa belə, uzunmüddətli strateji rəqabətdə əvvəlki gücünü qorumaqda çətinlik çəkir”.

Həmsöhbətimiz əlavə edib ki, Rusiya iqtisadi və hərbi resurslarını sürətlə xərcləyən, beynəlxalq təcrid dərinləşən və texnoloji baxımdan geridə qalmaq riski artan bir dövlətə çevrilir:
“Əgər bu tendensiya davam edərsə, Kreml döyüş meydanında müəyyən taktiki uğurlar qazansa belə, strateji müstəvidə uduzan tərəf kimi tarixə düşə bilər. Bu baxımdan Ukrayna müharibəsinin gündəmdən qismən çəkilməsi Rusiyanın vəziyyətinin yaxşılaşması anlamına gəlmir. Əksinə, diqqətin azalması fonunda Moskva uzunmüddətli aşınma müharibəsi aparmağa məcbur qalır. 

ABŞ isə birbaşa toqquşmaya getmədən rəqibini iqtisadi, hərbi və siyasi baxımdan tədricən zəiflədən strategiyanı daha sərfəli hesab edir. Belə bir ssenaridə Rusiyanın ən böyük problemi döyüş meydanındakı itkilərdən çox, illərlə davam edəcək resurs tükənməsi və beynəlxalq güc statusunun zəifləməsi olacaq. Bu da ABŞ-yə lazımdır, çünki İran və Çin kimi Rusiya hakimiyyətinin də öz nəzarətində olmasını istəyir. Vaşinqtonun yaxın 50 ildəki strategiyası da budur”.

Elmir Mustafa

0