1984-cü ildə Britaniya qəsdən bir qatarı nüvə konteynerinə çırpmışdı: Niyə bunu etdilər?

DÜNYA
11:01 / 08.08.2026
39

1984-cü il iyulun 17-də Böyük Britaniyada saatda 160 kilometr sürətlə hərəkət edən qatar nüvə materiallarının daşınması üçün nəzərdə tutulmuş konteynerə çırpılıb. Lakin bu, qəza deyil, Böyük Britaniyanın Mərkəzi Elektrik Enerjisi İstehsalı Şurasının ("CEGB") təşkil etdiyi planlaşdırılmış sınaq olub.

HİT.az xəbər verir ki, "Discover Magazine" nəşrinin yazdığına görə, Böyük Britaniyada nüvə materiallarının daşınmasının təhlükəsizliyi ilə bağlı uzun illər ictimai narahatlıq mövcud idi. 1980-ci illərdə ölkədə nüvə enerjisinə qarşı etiraz aksiyaları da geniş yayılmışdı.

Bu narahatlığı aradan qaldırmaq məqsədilə "CEGB" nüvə yanacağının daşınması üçün istifadə olunan iri polad konteynerlərin davamlılığını nümayiş etdirmək qərarına gəlib. Konteynerlər əvvəlcə hündürlükdən atılıb, yandırılıb və müxtəlif zərbə sınaqlarından keçirilib. Lakin bu nümayişlər ictimaiyyəti tam inandıra bilməyib.

Bundan sonra "CEGB" və "British Rail" daha təsirli sınaq hazırlayıb. Onların fikrincə, belə konteynerlərin dəmir yolu qəzasına tab gətirdiyini sübut etməyin ən yaxşı yolu real qəza ssenarisini canlandırmaq idi.

Sınaq üçün saatda 160 kilometr sürət yığa bilən istismardan çıxarılmış lokomotiv xüsusi şəkildə yenidən hazırlanıb və ona üç standart vaqon qoşulub.

Daha sonra nüvə konteyneri onu daşımaq üçün istifadə olunan platformaya yerləşdirilib. Platforma yan çevrilərək sınaq relslərinin üzərinə qoyulub ki, qatar birbaşa konteynerə çırpılsın.

Maşinistsiz buraxılan qatar təxminən 10 kilometr məsafə qət edərək maksimum sürətə çatıb. Toqquşmanı uzaq məsafədən 1500-dən çox tamaşaçı izləyib, hadisə isə müxtəlif rakurslardan kameralar vasitəsilə qeydə alınıb.

Zərbə nəticəsində lokomotiv havaya qalxıb, böyük alov topu və qalın toz buludu yaranıb. Sınağın əsas məqsədi nüvə konteynerinin belə güclü toqquşma zamanı bütövlüyünü qoruyub saxladığını nümayiş etdirmək və nüvə materiallarının daşınmasının təhlükəsizliyinə dair ictimai etimadı artırmaq olub.

Samir
 

0