Bakıda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində icra olunan mühüm layihələrdən biri metro xətlərinin müstəqil fəaliyyətinin təmin edilməsidir.
Bu məqsədlə Qırmızı və Yaşıl xətlərin bir-birindən ayrılması üzərində iş aparılır. Gözlənilir ki, bu dəyişiklik qatarların hərəkətinin daha çevik planlaşdırılmasına, sərnişin axınının daha rahat idarə edilməsinə və metrodan istifadə imkanlarının genişlənməsinə şərait yaradacaq.
Bəs nəzərdə tutulan yenilik tətbiq olunduqdan sonra sərnişinlərin gündəlik səfərlərində hansı dəyişikliklər baş verəcək, qatarların intervalı necə tənzimlənəcək və paytaxtın nəqliyyat sisteminin ümumi fəaliyyətinə bunun təsiri nə olacaq?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, metro şəbəkəsinin mövcud quruluşu artan istismar yükünü nəzərə aldıqda yenilənməyə ehtiyac duyur və bu səbəbdən xətlərin bir-birindən ayrılması planlaşdırılır:

"Layihənin həyata keçirilməsi nəqliyyat sistemində təhlükəsizlik səviyyəsinin yüksəldilməsini hədəfləyən əsas addımlardan biri hesab olunur. Bunun nəticəsində qatarların hərəkəti daha nizamlı təşkil ediləcək, mümkün risklər minimuma enəcək, son stansiyalarda dönüş əməliyyatları isə daha rahat və operativ şəkildə həyata keçiriləcək".
Ekspert hesab edir ki, xətlər tam ayrıldıqdan sonra metro xəttində eyni vaxtda daha çox qatarın istismara verilməsi mümkün olacaq.
Günel Cəlilova


