TDT-nin QHT forumları – “Strateji əhəmiyyətli prosesdir”

SİYASƏT
14:00 / 06.08.2026
247

“Türk dövlətləri arasında inteqrasiya və münasibətlərin daha da genişlənməsi, vətəndaş cəmiyyəti sferasında ümumi maraqların formalaşması çox mühüm və vacib elementlərdəndir”.

Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, buna görə də QHT-lər arasındakı əlaqəni və birgə forumların keçirilməsini adi tədbir kimi deyil, ictimai diplomatiyanın aparıcı platformalarından biri kimi qiymətləndirmək lazımdır:


“Bu forumların əhəmiyyətinə onların yaratdığı mənəvi və ictimai yaxınlaşma aspektindən baxmalıyıq. Türk dünyasının gələcəyi təkcə siyasi yaxınlaşmadan, hökumətlərarası münasibətdən asılı deyil. Bu gələcəyin dayanıqlılığı xalqların bir-birini tanımasından, anlamasından və dəstəkləməsindən keçir”.

Ekspert vurğulayıb ki, bu gün türk dünyası üçün əsas çağırışlarından biri cəmiyyətlər arasında ortaq paltformaların müəyyənləşdirilməsi, ortaq düşüncə məkanlarının yaradılmasıdır: 
“QHT-lərin həmin istiqamətdəki fəaliyyəti də məhz bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Xalqlarımızı ortaq dəyərlər, tarix, dil, mədəniyyət ətrafında birləşdirərək inteqrasiyanı təkcə siyasi sərhədlər daxilində olmasından daha böyük arenaya daşıyır. Bununla həm də sosial, mədəni, humanitar müstəvidə əməkdaşlıq imkanları yaranır”.

Rəfail Becanov diqqətə çatdırıb ki, bu əlaqələr bizi kökümüzlə daha sıx bağlayır:
“Xalqlarımız arasında milli-mənəvi bağları möhkəmləndirir. Qarşılıqlı etimad formalaşır və gənclər, ziyalılar və vətəndaş cəmiyyəti institutları arasında yeni əməkdaşlıq şəbəkələri qurulur. Bu, gələcək üçün güclü iqtisadi, elmi, mədəni və informasiya əməkdaşlığının sosial bazasını formalaşmasıdır. Bütün dünyada qloballaşma milli kimliklərə təsir edir. Artıq bunun şahidi oluruq”.

Həmsöhbətimiz hesab edir ki, bu zamanda türk dövlətlərinin yaxınlaşması və milli kimliyimizin qorunması üçün əsas dayaqlardan biri də bu platformaların fəaliyyətidir: 
“Bu şəbəkələr gələcək nəsillər üçün bu mühüm rol oynayacaq. Ona görə də QHT forumlarının keçirilməsi strateji əhəmiyyətli prosesdir. Bunun uzunmüddətli perspektivdə mühüm töhfələri olacaq”.

Elmir Mustafa

0