"Samsung Galaxy" və "Google Pixel" deyil, "Apple"ın "iPhone" modelləri 2026-cı il üçün "Consumer Reports"un yeni etibarlılıq reytinqində ilk sıraları tutub.
HİT.az xəbər verir ki, bunu "BGR" nəşri təşkilatın araşdırmasına istinadən yazır.
Məlumata görə, ən etibarlı smartfon "iPhone 16 Pro Max" seçilib. İkinci və üçüncü yerlərdə müvafiq olaraq "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" qərarlaşıb. Ümumilikdə reytinqin ilk 13 pilləsini müxtəlif nəsillərə aid "iPhone" modelləri tutub.
"Android" əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən yüksək nəticəni "Samsung Galaxy S25 Ultra" göstərib. "Nothing" şirkətinin "Nothing Phone 3a" və "Nothing Phone 3a Pro" modelləri isə etibarlılıq və istifadəçi məmnuniyyəti baxımından siyahının sonlarında yer alıb.
Araşdırma 2019–2025-ci illər arasında alınmış 180 mindən çox smartfon barədə məlumatların təhlili, möhkəmlik sınaqları, ekspert və istifadəçi rəyləri əsasında hazırlanıb. "iPhone 16 Pro Max" sahibləri əsasən cihazın keyfiyyətli yığılmasını, möhkəm korpusunu və yüksək məhsuldarlığını müsbət qiymətləndiriblər. Bununla yanaşı, bəzi istifadəçilər batareyanın gözləniləndən daha tez boşalmasından şikayət ediblər.
"Apple" bildirir ki, smartfonlarını uzunmüddətli istifadə üçün hazırlayır və satışa çıxarmazdan əvvəl 10 min "iPhone" nümunəsini düşmə, maye təsiri və gündəlik istifadə zamanı rast gəlinə biləcək digər hallara qarşı sınaqdan keçirir.
Mütəxəssislər qeyd edirlər ki, müasir smartfonlar əvvəlki illərlə müqayisədə daha etibarlıdır. Onların fikrincə, istifadə zamanı yaranan problemlərin böyük hissəsi cihazın özünün sıradan çıxması ilə deyil, zaman keçdikcə tutumunu itirən batareyanın təbii aşınması ilə bağlıdır.
Araşdırmada vurğulanır ki, istifadəçilər smartfonlarını daha uzun müddət istifadə etməyə üstünlük verdikləri üçün etibarlılıq artıq prosessorun gücü və ya kamera imkanları qədər vacib meyara çevrilib. İstehsalçılar da buna uyğun olaraq proqram təminatına daha uzun dəstək və daha keyfiyyətli yığım təklif etməyə çalışırlar. Nəticədə, hətta büdcə seqmentinə aid modellər belə 5 ildən artıq sabit işləyə bilir.
Samir


