Hətta ən kiçik köməyə görə də tez-tez təşəkkür edən insanlar bunu yalnız nəzakət xatirinə etmirlər. Psixoloqlar bildirirlər ki, bu vərdiş çox vaxt şəxsiyyət xüsusiyyətləri, emosional rifah və ətrafdakılarla münasibətlə əlaqəli olur. Bununla yanaşı, bəzi hallarda tez-tez minnətdarlıq ifadə etməyin arxasında fərqli motivlər də dayana bilər.
"NLC" nəşrinin yazdığına görə, müsbət psixologiyada minnətdarlıq insanın başqalarının onun üçün etdiklərini dəyərləndirməsinə kömək edən mühüm xüsusiyyət hesab olunur.
"Böyük beşlik" (Big Five) şəxsiyyət modeli üzərində çalışan psixoloqlar Pol Kosta və Robert Makkreynin yanaşmasına əsasən, tez-tez təşəkkür edən insanlar adətən yüksək xeyirxahlıq və məsuliyyət xüsusiyyətlərinə malik olurlar.
Xeyirxahlıq empatiya, başqalarına kömək etməyə hazırlıq və açıqlıqla, məsuliyyət isə etibarlılıq, intizam və diqqətliliklə əlaqələndirilir.
Minnətdarlıq sağlamlığa da müsbət təsir göstərə bilər
Psixoloqlar Robert Emmons və Maykl Makkallounun 2003-cü ildə apardıqları araşdırma göstərib ki, minnətdarlıq hissini mütəmadi şəkildə ifadə edən insanlar daha yaxşı fiziki sağlamlıq, həyata daha nikbin baxış və daha yüksək həyat məmnuniyyəti barədə daha çox məlumat verirlər.
Çində aparılan digər tədqiqatlarda isə minnətdarlıq hissi ilə daha keyfiyyətli yuxu və narahatlığın azalması arasında əlaqə müəyyən edilib.
Bundan əlavə, 2023-cü ildə "Frontiers in Psychology" jurnalında dərc olunan meta-analiz də minnətdarlığın daha yaxşı psixi sağlamlıqla əlaqəli olduğunu təsdiqləyib.
Lakin hər təşəkkür səmimi olmaya bilər
Psixoloqlar vurğulayırlar ki, tez-tez təşəkkür etmək hər zaman səmimi hisslərin göstəricisi deyil.
2024-cü ildə "Personality and Individual Differences" jurnalında dərc olunan araşdırmada minnətdarlıq hissi ilə narsisizmin müxtəlif formaları arasındakı əlaqə öyrənilib.
Xüsusilə "kommunal narsisizm" adlandırılan xüsusiyyətə malik insanlar özlərini başqalarının gözündə daha qayğıkeş, səxavətli və fədakar göstərməyə çalışırlar. Bu halda təşəkkür ifadələri həqiqi minnətdarlıqdan daha çox müsbət ictimai imic formalaşdırmaq məqsədi daşıya bilər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, buna görə də tez-tez deyilən "təşəkkür edirəm" ifadəsinin arxasında həm səmimi hisslər, həm də sosial təsdiq qazanmaq istəyi dayana bilər.
Samir


