Yay aylarında qidalanma ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də balıq və balıq məhsullarının istehlakıdır.
Havanın temperaturunun yüksəlməsi bu məhsulların saxlanma şəraitinə dair narahatlıqları artırır. Məhz buna görə də bir çox insan isti günlərdə balıq yeməyin sağlamlıq üçün riskli olub-olmadığını düşünür, hətta bəziləri yay mövsümündə bu qidadan tamamilə imtina etməyə üstünlük verir.
Bəs doğrudanmı isti havalarda balıq və balıq məhsulları istehlak etmək təhlükəlidir, yoxsa bu, daha çox yanlış təsəvvürdən irəli gəlir?
Qida eksperti Asim Vəliyev Hit.az-a açıqlamasında deyib ki, yay mövsümündə balıq istehlakı ilə bağlı müxtəlif fikirlər səsləndirilir və bu məsələ tez-tez müzakirə olunur:

“Havaların istiləşməsi ilə birlikdə balıq məhsullarının təhlükəsizliyi barədə insanların marağı daha da artır. Yüksək temperatur tez xarab olan qidalar üçün əlavə risk yaratdığına görə bu mövzuda sualların yaranması başadüşüləndir. Bununla belə, məhsul soyuq zəncir qorunmaqla saxlanılıb və gigiyenik qaydalara uyğun hazırlanıbsa, balığın yay aylarında istehlakı sağlamlıq üçün təhlükə yaratmır. Balıq saxlanma şəraitinə qarşı ən həssas qida məhsullarından hesab olunur”.
Ekspert qeyd edib ki, tərkibində nəmliliyin və zülalın çox olması mikroorqanizmlərin sürətlə çoxalmasına əlverişli mühit yaradır:
“Bundan əlavə, balığın yağ tərkibi isti hava şəraitində daha tez keyfiyyətini itirə bilər. Nəticədə məhsul lazımi temperaturda saxlanılmadıqda qida zəhərlənməsi riski əhəmiyyətli dərəcədə artır. Məhz buna görə də istehlakçılar yay mövsümündə daha ehtiyatlı davranmalıdırlar. Balıq qida rasionunda xüsusi yer tutan faydalı məhsullardandır. Bu məhsul orqanizmi omeqa-3 yağ turşuları, D vitamini, yüksək bioloji dəyərə malik zülallar və vacib minerallarla təmin edir”.
Lakin həmsöhbətimiz əlavə edib ki, bu faydalardan yararlanmaq üçün ilk növbədə keyfiyyətli və təzə məhsul seçilməlidir:
“Satış zamanı balığın soyuducu vitrinlərdə və ya buz üzərində saxlanılmasına diqqət yetirmək lazımdır. Təzə balığın gözləri şəffaf görünür, dərisi elastik olur və kəskin deyil, təbii dəniz qoxusu hiss edilir. Əgər məhsulun gözləri tutqundursa, əti yumşalıbsa və xoşagəlməz iy gəlirsə, həmin balığın istehlakı məqsədəuyğun deyil. Dondurulmuş məhsul alarkən isə qablaşdırmanın bütövlüyü, saxlanma müddəti və məhsulun təkrar dondurulma əlamətlərinin olub-olmaması yoxlanmalıdır”.
Günel Cəlilova


