Güzəştlər bazarda qiymətlərin ucuzlaşmasına səbəb olacaq?

İQTİSADİYYAT
12:24 / 06.08.2026
162

Prezident İlham Əliyevin imzaladığı yeni fərman gömrük sahəsində bir sıra prosedurların yenilənməsini nəzərdə tutur.

Fərmana uyğun olaraq, Nazirlər Kabineti altı ay ərzində media məhsulları, tez xarab olan ərzaq və digər məhsullar, diri heyvanlar, radioaktiv maddələr, müdafiə və təhlükəsizlik məqsədilə daşınan yüklər, həmçinin fövqəladə hallarda xüsusi əhəmiyyət kəsb edən mallar üçün gömrük rəsmiləşdirilməsinin daha çevik qaydalarını hazırlayıb təqdim etməlidir.

Bundan əlavə, epidemiya və pandemiyalar, yoluxucu xəstəliklərin yayılması, təbii fəlakətlər, eləcə də sosial xarakterli fövqəladə vəziyyətlər zamanı ölkəyə gətirilən zəruri malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən sürətlə keçirilməsi üçün güzəştli və sadələşdirilmiş mexanizmlərin yaradılması da nəzərdə tutulur.

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, qəbul edilən qərar ölkədə sahibkarlığın inkişafı baxımından mühüm addım hesab oluna bilər:

406611

“Bu dəyişiklik biznes mühitinin daha əlverişli olmasına və iqtisadi fəallığın yüksəlməsinə töhfə verəcək. Yeni qaydalar fəaliyyət göstərən şirkətlərin iş həcmini artırmaqla yanaşı, bu sahəyə yeni sahibkarların daxil olmasını da təşviq edə bilər. Güzəşt mexanizmlərinin tətbiqi bazarda rəqabətin genişlənməsinə əlverişli zəmin yaradacaq”.

İqtisadçı hesab edir ki, rəqabətin güclənməsi nəticəsində bir sıra mal və xidmətlərin qiymətlərində enmə müşahidə oluna bilər:

“Nəzərdə tutulan mexanizmlər nə qədər operativ qüvvəyə minərsə, biznesin inkişafı və investisiya fəallığının artması üçün bir o qədər geniş imkanlar yaranacaq”.

Günel Cəlilova

0