Kosmetoloji prosedur zamanı nələrə diqqət edilməlidir?

SAĞLAMLIQ
14:30 / 07.08.2026
155

Son illər estetik görünüşünü dəyişmək və ya müəyyən qüsurları aradan qaldırmaq istəyənlərin sayı artdıqca kosmetoloji prosedurlara müraciət edənlərin də sayı çoxalıb. 

Lakin bu müdaxilələrin hər biri təhlükəsiz nəticə vermir. Yanlış seçim, qeyri-peşəkar müdaxilə və keyfiyyətsiz preparatlardan istifadə bəzən ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. 

Bəs kosmetoloji prosedurlara qərar verməzdən əvvəl hansı məqamlara diqqət yetirilməlidir ki, sonradan arzuolunmaz fəsadlarla qarşılaşılmasın?

Kosmetoloq Aynurə Həsənova Hit.az-a açıqlamasında deyib ki, kosmetoloji prosedurlara müraciət etməzdən əvvəl hər bir pasiyentin sağlamlıq vəziyyəti ətraflı qiymətləndirilməlidir: 

406727

“Çünki bir prosedur hər kəs üçün eyni nəticəni vermir və fərdi yanaşma əsas şərtlərdən biridir. İlk baxışdan sadə görünən estetik müdaxilələr belə düzgün aparılmadıqda infeksiya, allergik reaksiya, çapıqlaşma, piqment ləkələri və digər arzuolunmaz fəsadlara səbəb ola bilər. Buna görə də prosedur yalnız müvafiq təhsil və peşəkar hazırlığa malik mütəxəssis tərəfindən həyata keçirilməlidir”.

Həmsöhbətimiz qeyd edib ki, kosmetoloji prosedur seçilərkən pasiyentin yaşı, dəri tipi, həyat tərzi, keçirdiyi xəstəliklər, qəbul etdiyi dərmanlar və əvvəllər etdiyi estetik müdaxilələr nəzərə alınmalıdır: 

“Bu amillər həm prosedurun seçiminə, həm də nəticəsinə birbaşa təsir göstərir. Bəzi prosedurların yay aylarında aparılması məsləhət görülmür. Güclü günəş şüaları dəridə piqmentasiya riskini artıra, sağalma prosesini ləngidə və əldə olunan nəticəni zəiflədə bilər. Belə hallarda prosedurun mövsümə uyğun planlaşdırılması daha məqsədəuyğundur.

Kəskin infeksiyalar, aktiv dəri xəstəlikləri, hərarət, açıq yaralar, bəzi xroniki xəstəliklərin kəskinləşmə dövrü, həmçinin hamiləlik və südvermə zamanı bir sıra kosmetoloji prosedurların icrası tövsiyə edilmir. Hər bir halda qərar fərdi tibbi qiymətləndirmədən sonra verilməlidir. Ümumiyyətlə, kosmetoloji prosedurdan əvvəl pasiyentə mümkün risklər, gözlənilən nəticə və bərpa dövrü barədə ətraflı məlumat verilməli, real gözləntilər formalaşdırılmalıdır”. 

A.Həsənova onu da əlavə edib ki, estetik müdaxilələr möcüzə yaratmır, hər prosedurun öz imkanları və məhdudiyyətləri var:

“Prosedurdan sonrakı qulluq da ən az prosedurun özü qədər əhəmiyyətlidir. Günəşdən qorunmaq, mütəxəssisin tövsiyələrinə əməl etmək, dərini qıcıqlandıran vasitələrdən uzaq durmaq və nəzarət müayinələrini vaxtında keçmək fəsad riskini minimuma endirən əsas amillərdəndir.

Vacib məqamlardan biri isə odur ki, kosmetoloji prosedurlar dəbə, sosial şəbəkələrdə yayılan trendlərə görə deyil, real ehtiyac və tibbi göstərişlər nəzərə alınaraq seçilməlidir. Hər pasiyent üçün uyğun olan yanaşma fərqli olduğundan fərdiləşdirilmiş plan daha təhlükəsiz və uğurlu nəticə verir”.

Günel Cəlilova

0