Turistlər Azərbaycanda hara gedirlər?

TURİZM
13:43 / 07.08.2026
241

“Yay mövsümü Azərbaycanda turizm baxımından ən aktiv dövrlərdən biridir”.

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O, Azərbaycana turistlərin əsasən hansı ölkələrdən gəldiyindən danışıb:


“Yay aylarında ölkəmizə daha çox Rusiya, Türkiyə, Gürcüstan, İran və Körfəz ölkələrindən turistlər səfər edirlər. Son illərdə Rusiya, Türkiyə, Çin, Hindistan və Pakistandan gələn turistlərin sayında da nəzərəçarpacaq artım müşahidə olunur. Bu artım həm birbaşa aviareyslərin genişlənməsi, həm də Azərbaycanın təhlükəsiz və qonaqpərvər turizm məkanı kimi tanınması ilə bağlıdır”.

Ekspert turistlərin ölkəmizdə haralara üz tutduqlarından da bəhs edib:
“Xarici turistlərin ilk seçimlərindən biri ənənəvi olaraq Bakı şəhəridir. Paytaxtın tarixi-mədəni irsi, İçərişəhər, müasir memarlıq nümunələri, muzeyləri və Xəzər sahili turistlərin xüsusi marağına səbəb olur. Eyni zamanda, turistlər yay aylarında daha çox bölgələrə üz tuturlar. Qəbələ, Şəki, Quba, Qusar, İsmayıllı, Qax, Zaqatala və Lənkəran həm sərin iqlimi, həm də zəngin təbiəti ilə seçilir. Ailəvi istirahət üçün isə Qəbələ və Quba ən çox seçilən istiqamətlərdəndir”.

Rəhman Quliyev diqqətə çatdırıb ki, xarici qonaqlar milli mətbəxlə tanış olmağa, kənd həyatını yaxından görməyə və yerli adət-ənənələri öyrənməyə də böyük maraq göstərirlər:
“Son illərdə kənd turizmi və qonaq evlərinə marağın artması regionlarda turizmin inkişafına müsbət təsir göstərir. Hesab edirəm ki, regionlarda xidmət keyfiyyətinin daha da yüksəldilməsi, yeni turizm məhsullarının yaradılması və beynəlxalq bazarlarda daha fəal tanıtım işinin aparılması turist axınının davamlı artmasına imkan verəcək. Azərbaycanın zəngin təbiəti, mədəni irsi və qonaqpərvərliyi ölkəmizi ilin bütün fəsillərində rəqabətqabiliyyətli turizm istiqamətinə çevirən əsas üstünlüklərdəndir”.

Pərviz

0