Son günlər sosial şəbəkələrdə teleaparıcı Zaur Baxşəliyevlə Mətbuat Şurasının sədri Rəşad Məcid arasında yaranan fikir ayrılığı geniş müzakirələrə səbəb olub. Müzakirələrin mərkəzində isə TikTok platformasının cəmiyyətə təsiri dayanır.
Məsələ Rəşad Məcidin “TikTok heç vaxt kitabın yerini verə bilməz” məzmunlu fikirlərindən sonra gündəmə gəlib. Bu paylaşıma münasibət bildirən Zaur Baxşəliyev insanların sosial şəbəkələrdən istifadəsinə bu cür yanaşmanın doğru olmadığını vurğulayıb. O, dünyada süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə hələ də TikTokun əxlaqa təsiri ətrafında mübahisələrin aparılmasını yersiz hesab edib və insanların şəxsi seçimlərinə daha çox hörmətlə yanaşılmasının vacibliyindən danışıb.
Teleaparıcının bu açıqlaması sosial media istifadəçiləri arasında müxtəlif reaksiyalar doğurub. Bir qrup onun fikirlərini dəstəkləsə də, digərləri TikTokun xüsusilə yeniyetmələrin dünyagörüşünə, davranışına və mənəvi dəyərlərinə mənfi təsir göstərə biləcəyini bildirərək əks mövqe sərgiləyiblər.
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, “sosial proqram” adı altında bu xalqın mənəviyyatına ziyan verən efirlər TikTok platformasından qat-qat zərərli hala gəlib:
“Bu cür “proqramlarla” ölkədə mənəviyyat, dəyərlər sisteminə zərbə vuruldu. Efirlərdə yaşlı-başlı qadınları evləndirmək adı ilə lağlağı halına gətirib məsxərəyə qoyanlar, “mal həkimlərini” efirlərdə reklam edib əhalinin canına daraşdıranlar, rayonlarda ərini, uşağını atıb başqa kişilərə qaçan qadınları reklam edənlər bu gün TikTok müdafiəçisi rolunda çıxış edirlərsə, burda təəcüblü heç nə yoxdur.
Çünki onların efirlərdəki skandalların davamı hazırda TikTok platformasında daha pis şəkildə davam edir. Bu hallar onlara “tanış olduğu” üçün belə mövzularda canfəşanlıq göstərirlər. Həm də uzun illərdir bu tipli “aparıcıların” əsl çörəyi bu mövzulardan çıxıb. Evlər, villalar, heç vaxt xəyal belə etmədikləri pullar da bu siyahıya daxildir”.

Sosioloq qeyd edib ki, heç bir sosial şəbəkə və ya yeni texnologiya, süni intellekt qurğusu təbii mütaliə vərdişini əvəz edə bilməz:
“Bu, əsl reallıqdır. Şəxsən bu məsələdə sona qədər Rəşad Məcidi dəstəkləyirəm. Bəli, Rəşad müəllim haqlıdır. Əvvəllər mütaliə ənənəsi vardı. Yadıma gəlir biz uşaq olan vaxtlarda, 1985-90-cı illərdə insanlar “Azərbaycan”, “Ulduz” jurnallarını səbirsizliklə gözləyirdilər. Çox gözəl ədəbi nümunələr vardı və insanlar o dərəcədə ədəbiyyat aludəçisi idilər ki, hər kəs ən yeni əsər oxumağı ilə öyünürdü.
Özü də ən ucqar kənddə yaşayan çobana qədər ədəbiyyat aludəçisi idi insanlar. İndi TikTok platforması əsl küçə səviyyəli lağlağı səhnəsinə çevrilib. Elə əksər “sosial verilişlər” də bu sıraya daxildir. Üstəlik, o zamanın insanları intellekt və dəyərlər baxımından hazırkı texnologiya əsrinin insanlarından çox-çox irəlidə idilər. Hazırkı günümüzdə TikTok ən zərərli informasiya bumuna çevrilib. Lakin əlinə alıb oxuduğun kitab sənin beynini fəlsəfi və dünyagörüşünü zənginləşdirmək baxımından işıqlandırır”.
Günel Cəlilova


