Son zamanlar heyvan yemlərinin qiymətində mütəmadi artım müşahid olunur.
Daxili bazarda yonca, saman, kəpək və kombinə olunmuş yemlərin bahalaşması xüsusilə kənd təsərrüfatı ilə məşğul olan fermerlərin işini ciddi şəkildə çətinləşdirir. Yem xərclərinin artması birbaşa saxlanılan heyvanların maya dəyərinə təsir edərək, ət və süd məhsullarının da qiymətinə öz təsirini göstərir.
Mütəxəssislər bu artımı həm idxal olunan xammalın baha olması, həm də mövsümi və iqlim şərtləri ilə əlaqələndirirlər. Fermerlər isə mövcud vəziyyətin təsərrüfatların gəlirliliyinə ağır zərbə vurduğunu və heyvandarlığın inkişafını tormozladığını bildirirlər. Yaranmış situasiya yaxın gələcəkdə aqrar sektorda yeni qiymət tənzimləmələrinə və dəstək mexanizmlərinə ehtiyac olduğunu bir daha büruzə verir.
Bəs heyvan yemlərinin bahalaşmasının əsas səbəbləri nələrdir?
Qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında bildirib ki, heyvan yemlərinin bahalaşmasının səbəbləri sırasına dünya bazarında xammalın qiymətinin yüksəlməsini və loqistika xərclərini göstərmək olar:
“Nəzərə alsaq ki, ölkəmizdə istifadə olunan yem əlavələrinin və bəzi xammalların əhəmiyyətli hissəsi idxal olunan məhsul sayılır. Valyuta məzənnəsi, beynəlxalq daşıma xərclərinin artması və gömrük rüsumları da sonda qiymətə və dolayısıyla satışa təsir edir.
Məsələnin digər tərəfi dünya bazarındakı quraqlıq və məhsuldarlığın azalması ilə bağlıdır. Bəzi ölkələrdə quraqlıq və əlverişsiz hava şəraiti yem-taxıl istehsalını azaldır ki, bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Enerji, nəqliyyat və yanacaq xərcləri də qiymətlərin artmasına səbəb olan amillərdəndir”.
Ekspert qeyd edib ki, dünyada quşçuluq, heyvandarlıq və balıqçılıq təsərrüfatlarında yemə olan tələbat günbəgün artır:
“Bu da qiyməti yüksəldə bilir. Bununla yanaşı, ticarət məhdudiyyətləri və ixrac qadağaları da bazarlarda yemlərin bahalaşması ilə nəticələnir. Lakin qiymət artımının məsuliyyətini yalnız dünya bazarının üzərinə atmaq düzgün deyil. Əsas məsələ ölkəmizdəki təsərrüfat sahiblərinin yem təminatına olan münasibətidir.
Yay aylarında otun bol olduğu, biçin mövsümünün davam etdiyi və yem ehtiyatı yaratmaq üçün əlverişli şəraitin olduğu halda, bəzi təsərrüfatlarda bu işə lazımi diqqət yetirilmir, vaxt ayrılmır və lazımi tədbirlər görülmür. Qış yaxınlaşdıqda isə bahalaşan hazır yemə möhtac qalırlar və bu da onları bazardan asılı vəziyyətə salır”.
İlkin Şirinov diqqətə çatdırıb ki, müasir heyvandarlıq yalnız heyvan saxlamaqdan ibarət deyil:
“Bu sahə planlaşdırılmalı, risklər əvvəlcədən hesablanmalı, yem ehtiyatı öncədən idarə olunmalıdır. Yem tədarükünü son ana saxlamaq və prosesə ciddi yanaşmamaq təsərrüfatın zəifləməsinə gətirib çıxarır. Nəticədə istehsal xərcləri artır, ətin və südün qiyməti digər mövsümlərdə bahalaşır və bu yük sonda istehlakçının üzərinə düşür.
Bu gün fermerlər arasında müəyyən bir tənbəllik də nəzərə çarpır. Boş və suvarılan ərazilər olduğu halda, orada əkib-becərmək və torpaqdan lazımi məqsədlər üçün istifadə etmək istəmirlər. Ona görə də fermerlərin üzərinə düşən məsuliyyət daha böyükdür. İstər quşçuluqda, istərsə də heyvandarlıqda fermerlər qış üçün lazımi azuqələrini özləri tədarük etməlidirlər”.
Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:
“Təbii ki, burada dövlətin də dəstəyi olmalı, bazarın sabitliyi nəzərə alınmalı və yerli yem istehsalı genişləndirilməlidir. Məhsuldarlığın artırılması, suvarma sistemlərinin və yemçilik təsərrüfatının inkişafına dəstək verilməsi əsas şərtlərdəndir.
Fermerlər də bol mövsüm dövründə yem ehtiyatı yaratmalı və təsərrüfatlarını gündəlik 2-3 və ya 5 bağlama otla deyil, illik planla idarə etməlidirlər. İllik planla idarə olunan təsərrüfatlar sonda bazarın yem ehtiyatından və qiymət dalğalanmalarından asılı vəziyyətdə qalmırlar”.
Pərviz



