Deputat: "İsveçrə Azərbaycan məhsulları üçün perspektivli bazara çevrilə bilər"

İQTİSADİYYAT
13:15 / 05.08.2026
132

Azərbaycan və İsveçrə arasında münasibətlər son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. 

Qarşılıqlı dialoq, yüksək səviyyəli təmaslar və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verir.

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycan region və Avropa ölkələri ilə əməkdaşlığın inkişafında maraqlıdır:

406546

"Əməkdaşlıq çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biridir. Son illərdə Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Rəsmi statistikaya əsasən, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən iki dəfə artaraq 465 milyon dollara çatıb. Bu göstərici Azərbaycan ilə İsveçrə arasında münasibətlərin inkişafının iqtisadi əlaqələrə müsbət təsir göstərdiyini nümayiş etdirir".

Millət vəkili qeyd edib ki, İsveçrə dəqiq cihazqayırma, süni intellekt və rəqəmsal inkişaf sahələrində qabaqcıl ölkələrdən biridir:

"Azərbaycan bu istiqamətlər üzrə İsveçrə ilə əməkdaşlığı daha da genişləndirə bilər. Eyni zamanda, İsveçrənin Azərbaycanın qeyri-neft məhsulları, xüsusilə kənd təsərrüfatı və qida məhsulları üçün perspektivli bazarlardan birinə çevrilməsi mümkündür. Hazırda iki ölkə arasında qeyri-neft sektoru üzrə əməkdaşlıq mövcuddur və bu əlaqələrin davam etdirilməsi, xüsusilə kənd təsərrüfatı və qida məhsullarının İsveçrə bazarına çıxışının genişləndirilməsi sahibkarların gəlirlərinin artmasına, eləcə də ölkəyə daha çox valyuta daxil olmasına şərait yarada bilər".

Günel Cəlilova

0