El Nino suitilər arasında quduzluq virusunun yayılmasına səbəb ola bilər

DÜNYA
22:34 / 07.08.2026
49

Bu il müşahidə olunan El-Nino iqlim hadisəsi dünyada suitilər arasında quduzluq virusunun yayılmasını sürətləndirə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatına (WOAH) istinadən məlumat yayıb.

Cənubi Amerika və Avstraliya ölkələri xəstəliyin yayılmasının qarşısını vaxtında almaq üçün vəhşi heyvanlarda quduzluq əlamətlərinin diqqətlə izlənilməsinə çağırış ediblər.

İki il əvvəl Cənubi Afrikada suitilər arasında ilk quduzluq halları təsdiqlənib. İndiyədək virus yalnız bir növdə – Kap dəniz pişiklərində ("Arctocephalus pusillus pusillus") aşkarlanıb.

Bu, tarixdə dəniz məməliləri arasında qeydə alınan ilk iri miqyaslı quduzluq epidemiyası hesab olunur. Həmin vaxtdan bəri Cənubi Afrika və Namibiyada 100-dən çox yoluxma halı təsdiqlənib.

Alimlərin ehtimalına görə, ilk yoluxma Cənubi Afrikada quduzluq daşıyıcısı olan qara kürəkli çaqqallardan birindən baş verib.

Yoluxmuş dəniz pişiklərində sinir sistemi pozuntuları, insanlara və digər heyvanlara qarşı qeyri-adi aqressiya müşahidə olunub. Bu isə virusun digər heyvanlara və insanlara keçə biləcəyi ilə bağlı narahatlıq yaradır.

İndiyədək suitilərin insanlara hücum və dişləmə halları qeydə alınıb. WOAH-ın məlumatına görə, 145 nəfərin virusa məruz qalma ehtimalı araşdırılıb, lakin onların heç birində yoluxma təsdiqlənməyib.

Mütəxəssislər hesab edirlər ki, hazırda virus əsasən dəniz məməlilərinə uyğunlaşıb və insanlara ötürülmür.

Cənubi Afrikanın cənub sahillərinə gedən insanlara suitilərin qeyri-adi davranışlarına diqqət yetirmək tövsiyə olunur. Belə davranışlara səbəbsiz aqressiya, əşyalara hücum, orientasiyanın pozulması, xəyali obyektləri dişləməyə cəhd və insanlardan qorxmamaq daxildir.

Alimlər bildirirlər ki, El-Nino nəticəsində okean sularının istiləşməsi suitilərin qida axtarışı üçün miqrasiyasını gücləndirir.

Antarktida sahillərində suyun temperaturunun yüksəlməsi bəzi populyasiyaların Cənubi Afrika sularına köç etməsinə səbəb ola bilər. Burada yoluxan heyvanlar daha sonra əvvəlki yaşayış yerlərinə qayıdaraq virusu digər populyasiyalar arasında da yaya bilərlər.

Risk altında olan növlər arasında Antarktika dəniz pişiyi, subantarktik dəniz pişiyi, Cənubi Amerika dəniz pişiyi və Yeni Zelandiya dəniz pişiyi də var.

Ümumdünya statistikalarına görə, quduzluq hər il təxminən 60 min insanın həyatına son qoyur. Yoluxmaların böyük əksəriyyəti Asiya və Afrikada quduz itlərin dişləməsi nəticəsində baş verir.

Xəstəliyin qarşısını əvvəlcədən vurulan vaksin və ya dişləmədən dərhal sonra tətbiq edilən profilaktik peyvəndlə almaq mümkündür. Lakin xəstəliyin klinik əlamətləri inkişaf etdikdən sonra quduzluq demək olar ki, bütün hallarda ölümlə nəticələnir.

Samir

0