Salah gəldi, biletlər tükəndi, Trabzona özəl uçuşlar başladı

KÖŞƏ YAZILARI
10:53 / 07.08.2026
233

Türkiyənin “Trabzonspor” klubu bu sezonun ən səs-küylü transferini reallaşdırıb.

Trabzon təmsilçisi dünya ulduzu Məhəmməd Salahı rəsmən transfer edib. Bir çoxları bunu Salah üçün “geriyə addım”, “Trabzonspor” baxımından isə “uğursuz transfer” saysa da reallıq belə deyil.

Ümumiyyətlə, onun 34 yaşında olmasını problem hesab etmək düzgün olmaz. Çünki Salah Çempionlar Liqasında, Dünya Çempionatında və ya Avropanın “TOP-5” liqasında çıxış etməyəcək. O, Türkiyə Super Liqasında və Avropa Liqasında oynayacaq. Bunu adıçəkilən liqaları kiçiltmək üçün demirəm. Lakin müqayisə olunan liqalar arasında ciddi temp fərqi var. Bu fərq də Salah üçün üstünlük olacaq. 

Bundan əlavə, Salah transferi “Trabzonspor” adına böyük reklam deməkdir. Nəzərə alaq ki, günlərdir bütün dünyada Salahın “Trabzsonspor”a transfer olması xəbəri paylaşılır, müzakirə olunur. Klub bu transferlə bütün dünyada populyarlığını artırmağı bacarıb.

Misirli ulduzun İstanbul və Trabzon hava limanlarında necə qarşılandığını gördük. Trabzonda 25 mindən çox azarkeş tərəfindən qarşılanan Salah həyatında belə şey yaşamadığını etiraf edib. Onun imza mərasiminə isə gələnlərin sayı 30 mini keçib. Əlbəttə ki, bütün bu rəqəmlər hər şeyi izah edir.

Artıq Salah formaları satış rekordları qırır. Üstəlik, komandanın mövsümlük biletləri və stadiondakı VİP yerlər də artıq tükənib. Qaradəniz təmsilçisinin bütün bunlardan 13 milyon avrodan çox gəlir əldə etdiyi bildirilir. Bu isə Salaha ödəniləcək maaşın yarısından belə çoxdur. Yəni “Trabzonspor” etdiyi doğru həmlənin bəhrəsini daha Salah meydana çıxmadan görməyə başlayıb.

Düşünürəm ki, Salah azarkeşlərin bu dəstəyi qarşısında meydanda əlindən gələni edəcək. Ümumiyyətlə, misirli futbolçu getdiyi hər kluba maksimum fayda verməyə çalışması ilə xatırlanır. Əks təqdirdə, Çempionlar Liqası və İngiltərə Premyer Liqası kimi Avropanın ən çətin turnirlərində çempion olmazdı. Üstəlik, onun İngiltərədə 4 dəfə bombardir olduğunu da unutmayaq.

Salah transferi Trabzon şəhərinə də böyük turizm faydası verəcək. Bu fayda dünəndən etibarən özünü göstərməyə başlayıb. Belə ki, bu aydan etibarən Misirdən hər həftə Trabzona 2 çarter reysi həyata keçiriləcək. Yəni misirlilər həftədə 2 dəfə Salah üçün Qahirədən Trabzona uçacaqlar.

Bundan başqa, İran da bənzər addım atıb. Tehrandan Trabzona uçuşların başlayacağı açıqlanıb. Qarşıdakı günlərdə digər müsəlman ölkələrinin də bənzər addımı atacağı proqnozlaşdırılır. Görünən odur ki, Məhəmməd Salah Trabzonun dünyada tanıdılmasına çox böyük töhfə verəcək.

Bütün bunların fonunda əminliklə demək olar ki, Məhəmməd Salah “Trabzonspor” üçün çox uğurlu seçimdir.

Elmir Mustafa

0