“Bəzən uzun müddət mesajlaşdığımız şəxslə görüşəndə eyni hissi yaşamırıq”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
“Bu, çox rast gəlinən və tamamilə normal psixoloji haldır. Çünki onlayn ünsiyyətlə real ünsiyyət beynimizdə fərqli şəkildə emal olunur. Real ünsiyyət başqa, yazışaraq danışdığımız zaman alınan ünsiyyət isə tamamilə fərqlidir.
Yəni bunların bir-birindən fərqlənməsi tam normaldır. Yazışdığımız andakı təsəvvürümüz görüşdüyümüz andakı reallıqla üst-üstə düşməyə bilər. Mesajlaşarkən qarşımızdakı insanın səs tonunu, mimikasını, baxışlarını və bədən dilini görmürük. Beyin bu boşluqları öz təsəvvürünə, gözləntilərinə və xəyallarına uyğun doldurur”.
Ekspert qeyd edib ki, bəzən insanın özünə deyil, onun haqqında beynimizdə formalaşdırdığımız obraza bağlanırıq:
“Lakin üz-üzə görüşdükdə artıq bütün boşluqlar dolur və yeni siqnallar işə düşür: səs tonu, jestlər, baxışlar, danışıq tempi, ünsiyyət tərzi, qoxu və enerji. Bunların hər biri canlandırdığımız obrazın yerini həqiqətlərlə doldurur. Bu reallıq gözlədiyimiz obrazla üst-üstə düşmədikdə isə istər-istəməz həmin “elektrik” hissi yaranmır”.
Psixoloq məsələyə həm qadın, həm də kişi tərəfdən yanaşıb:
“Məsələyə qadın baxımından yanaşsaq: qadın mesajlaşarkən özünü dinlənilən, dəyərli və anlaşılan hiss edə və böyük gözləntilərə qapıla bilər. Lakin görüşdükdə qarşı tərəfin emosional soyuqluğunu, kobud davranışını və ya canlandırdığı obraz kimi olmadığını, ünsiyyət çatışmazlığını gördükdə istər-istəməz “elektrik” azalır və həmin insana olan maraq ölə bilir.
Kişi baxımından da eyni proses baş verir. O, yazışmalarda çox uyğun gördüyü və beynində canlandırdığı obrazla realda görüşəndə emosional uyğunluğun olmadığını hiss edə bilər. Əlbəttə ki, münasibət yalnız məntiq və ortaq maraqlar üzərində qurulmur. Yazışanda uyğun gəlsək də, canlı görüşdə emosional gözləntilər qarşılanmırsa, həmin uyğunluq pozulur”.
Nabat Mirzəyeva münasibətdə “elektrik almaq” anlaşının nə olduğundan da bəhs edib:
“Psixoloji baxımdan “elektrik almaq” emosional, bioloji və sosial uyğunluğun bərabər şəkildə yaranmasıdır. Bu, təkcə xarici görünüşlə bağlı deyil. İnsan özünü qarşı tərəfin yanında təhlükəsiz, rahat və maraqlı hiss etdikdə istər-istəməz yaxınlıq hissi formalaşır.
Burada ən vacib məqam odur ki, ilk görüşdən və ya müəyyən müddətdən sonra münasibətin alınmaması tamamilə normaldır. Münasibətin alınmaması tərəflərdən birinin dəyərsiz olduğunu göstərmir, sadəcə qarşılıqlı emosional uyğunluğun formalaşmadığını bildirir. Zamanla düşüncələrin, baxış bucaqlarının və münasibətə yanaşmaların üst-üstə düşmədiyi bəlli ola bilər.
Unutmamalıyıq ki, mesajlarda insanlar sadəcə sözləri tanıyırlar. Real həyatda isə biz enerjini, auranı, emosional uyğunluğu, dəyəri, diqqəti və yanaşmanı görürük. Münasibəti davam etdirən gözəl yazışmalar deyil, üz-üzə olduqda hiss edilən emosiyalar, rahatlıq və səmimiyyətdir”.
Pərviz



