Cəmiyyətdə uşaqların tapşırıqlardan boyun qaçırması, dərs oxumaq istəməməsi və ya gündəlik öhdəliklərinə qarşı laqeydliyi tez-tez “tənbəllik” adlanır.
Lakin psixoloji və pedaqoji baxımdan “tənbəllik” müstəqil bir xarakter xüsusiyyəti deyil, daha dərin daxili və xarici amillərin üzə çıxan bir simptomudur. Nəzərə almaq lazımdır ki, hansısa uşaq tənbəl doğulmur, onun hərəkətsizliyinin arxasında hər zaman müəyyən edilmiş və ya gözlərdən yayınan konkret səbəblər dayanır.
Bu səbəblərin başında valideynlərin həddindən artıq qayğıkeşliyi və müstəqilliyə imkan verməməsi gəlir. Uşağın əvəzinə hər şeyi edən, onun əyşalarını toplayan, ayaqqabısını geyindirən və problemlərini həll edən mühitdə böyüyən fərd zamanla öz gücünə inamını itirir.
Bu zaman beyin sadə bir məntiqlə işləməyə başlayır: “Əgər mənim əvəzimə bu iş görüləcəksə, əlavə enerjimi niyə sərf edim?”. Bu hal zamanla vərdişə çevrilir və uşaq passiv müşahidəçi mövqeyinə keçir.
Diqqətdən qaçan digər vacib məqam uşağın daxilindəki uğursuzluq qorxusu və mükəmməllik tələbidir. Böyüklərin yüksək gözləntiləri, mühakiməedici yanaşmaları və ya daimi müqayisələri uşaqda “onsuz da səhv edəcəyəm, yaxşı alınmayacaq” təfəkkürünü formalaşdırır.
Bu zaman tənbəllik əslində bir müdafiə mexanizminə çevrilir: heç bir işə başlamamaq, uğursuz olub tənqid olunmaqdan daha təhlükəsiz görünür.
Unutmayın ki, uşaq özünü potensial məğlubiyyətdən qorumaq üçün hərəkətsizliyi seçir. Məqsəd və marağın olmaması da tənbəllik görünüşü yaradan əsas faktorlardandır. Böyüklərə vacib görünən tapşırıqlar uşaq üçün tamamilə mənasız və darıxdırıcı ola bilər.
Oyun oynayarkən və ya maraq duyduğu bir sahə ilə məşğul olarkən saatlarla yorulmadan enerji nümayiş etdirən uşağın məktəb tapşırığında passivləşməsi enerji çatışmazlığından deyil, sadəcə motivasiya və mənanın əksikliyindən xəbər verir.
Bundan başqa, müasir dövrün gətirdiyi rəqəmsal durğunluq və fiziki amillər də gözardı edilməməlidir. Ekran qarşısında keçirilən uzun saatlar, sosial media və oyunların verdiyi sürətli dopamin axını beynin həzz sistemini dəyişir.
Müqayisədə reallıqdakı tapşırıqlar uşağa həddindən artıq monoton görünür. Buna keyfiyyətsiz yuxu, qeyri-sağlam qidalanma və fiziki hərəkətsizlikdən yaranan xroniki yorğunluq da əlavə olunduqda, uşağın adi işləri görməyə sadəcə fiziki və psixoloji resursu çatmır.
Yəni uşağı “tənbəl” adlandırıb məsuliyyətdən kənarlaşmaq ən asan yoldur, ancaq çıxış yolu deyil. Uşağın davranışının altındakı həqiqi səbəbi anlamadan, ona müstəqillik sahəsi tanımadan, səhv etmək haqqını vermədən və daxili motivasiyasını oyatmadan hərəkətsizliyi aradan qaldırmaq mümkün deyil. Uşağın enerjisini kəşf etmək üçün ona təzyiq göstərmək deyil, onun qarşısındakı görünməz maneələri təmizləmək lazımdır...
Pərviz


