\"Xaricdə oturub Qərbi Azərbaycan dövləti elan etmək mümkünsüzdür\"

20:57 / 11.05.2020
1184

"Qərbi Azərbaycan Respublikasının elan edilməsi daha çox siyasi məsələdir. Hesab edirəm ki, bu, hüquqi addım deyil. Bu addımın siyasi mesajı budur ki, biz əslində Qərbi Azərbaycan ərazilərini unutmadıq, bu torpaqlar bizim əlimizdən alınıb, bununla heç vaxt barışmayacağıq və s. Ancaq beynəlxalq hüquqa əsaslanaraq, Qərbi Azərbaycan Respublikası elan etmək mümkün deyil".

Hit.Az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a beynəlxalq hüquq məsələləri üzrə ekspert Fərhad Mehdiyev deyib.

Müsahib bildirib ki, iki aspekt baxımından xaricdə oturub Qərbi Azərbaycan dövləti elan etmək mümkünsüzdür: “Birinci aspekt budur ki, siz əvvəlcə xaricdə oturub bir ölkə qura bilmərsiniz. Yəni həmin torpaqlarda olaraq nəsə elan etsəydiniz,bu, ilkin addım olardı. Bu ilkin addımda yoxsulluq var. Konstitusiya hüququna görə, dövlətin var olması üçün üç şərt var. Ərazi, xalq və suverenlik. İndi elan olunan respublikanın ərazisi yoxdur. Xaricdə elan olunan respublika öz ərazisinə hakim deyil. Süverenlik deyəndə isə söhbət ərzazi üzərində suverenlikdən gedir”.

Ekspert əlavə edib ki, Azərbaycan BMT və digər beynəlxalq təssisatlara daxil olanda Ermənistanın ərazi bütövlüyünü mübahisələndirməyib: "Məsələnin hüquqi tərəfi belədir. Həm də dövlətlərin çoxu Ermənistanı sərhədləri daxilində qəbul edib”.

F.Mehdiyev xatırladıb ki, Qərbi Azərbaycan Respublikasının elan edilməsi sadəcə siyasi addımdır və Ermənistanla mübarizədə təbliğt vsitəsi kimi istifadə oluna bilər.

2