“Azərbaycanda son illərdə psixoloji sağlamlıq mövzusu əvvəlki dövrlərlə müqayisədə daha çox müzakirə olunsa da, cəmiyyətin bu sahədə maariflənmə səviyyəsi hələ də arzuolunan səviyyədə deyil”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, bu vəziyyət psixoloqların heç nə etmədiyi anlamına gəlmir:
“Bir çox mütəxəssis sosial şəbəkələrdə, televiziya proqramlarında, təhsil müəssisələrində və fərdi konsultasiyalar vasitəsilə insanları məlumatlandırmağa çalışır. Ancaq psixoloji problemlərin miqyası və cəmiyyətin ehtiyacı nəzərə alındıqda görülən işlərin yetərli olmadığını söyləmək mümkündür”.
Ekspert qeyd edib ki, problemin əsas səbəblərindən biri psixoloji sağlamlıqla bağlı stereotiplərin hələ də mövcud olmasıdır:
“Bir çox insan psixoloqa müraciəti zəiflik kimi qəbul edir, emosional çətinlikləri isə şəxsi iradə ilə həll edilməli məsələ hesab edir. Bu yanaşma insanların vaxtında dəstək almasının qarşısını alır və psixoloji problemlərin dərinləşməsinə səbəb olur.
Bu istiqamətdə psixoloqların gələcək fəaliyyəti daha sistemli olmalıdır. İlk növbədə maarifləndirmə fəaliyyəti yalnız sosial şəbəkələrlə məhdudlaşmamalı, məktəblərdə, universitetlərdə, iş yerlərində və regionlarda mütəmadi proqramlar həyata keçirilməlidir”.
Zəhra Zahidova vurğulayıb ki, psixoloji sağlamlıq haqqında sadə və anlaşıqlı dildə məlumatların paylaşılması, erkən müdaxilə proqramlarının təşkili, valideynlər və müəllimlər üçün təlimlərin keçirilməsi vacibdir:
“Eyni zamanda, psixoloqlar cəmiyyətə yalnız problem yarandıqda deyil, psixoloji sağlamlığın qorunması, emosional savadlılığın artırılması və şəxsi inkişaf mövzularında da dəstək verməlidirlər. Psixoloji xidmətlərin əlçatanlığının artırılması, dövlət qurumları, təhsil müəssisələri və media ilə əməkdaşlığın gücləndirilməsi bu sahədə mühüm nəticələr verə bilər”.
Həmsöhbətimiz vurğulayıb ki, psixoloji sağlamlıq yalnız fərdin deyil, bütöv cəmiyyətin rifah göstəricisidir:
“Maarifləndirmə nə qədər geniş və davamlı olarsa, insanlar problemlərini daha tez tanıyacaq, yardım almaqdan çəkinməyəcək və nəticədə daha sağlam bir cəmiyyət formalaşacaq”.
Pərviz



