Son zamanlar paytaxtda müşahidə olunan güclü və davamlı yağışlar şəhər infrastrukturuna, xüsusilə də yol şəbəkəsinə ciddi təsir göstərib.
İntensiv yağıntılar nəticəsində bəzi küçə və prospektlərdə, məhəllə daxili yollarda asfalt örtüyünü zəiflədib, bəzi hissələrdə isə tamamilə dağılma və deformasiyalar qeydə alınıb.
Yağış sularının yol səthində uzun müddət yığılması asfaltın strukturunu pozaraq çatların və çalaların yaranmasını sürətləndirib. Bunun nəticəsində nəqliyyat vasitələrinin hərəkəti xeyli çətinləşib, bəzi yollar isə demək olar ki, yararsız vəziyyətə düşüb. Xüsusilə yağışdan sonra yaranan dərin çuxurlar sürücülər üçün qəfil təhlükə yaradır və yol hərəkətində əlavə risklər formalaşdırır.
Eyni zamanda, yol səthində yığılan su və palçıq piyadaların hərəkətini də ciddi şəkildə məhdudlaşdırır və gündəlik gediş-gəlişi çətinləşdirir. Bu vəziyyət xüsusilə məhəllə daxili yolların zəif infrastrukturunda daha qabarıq şəkildə özünü göstərir və sakinlərin narazılığına səbəb olur.
Nərimanov, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Biləcəri və digər oxşar yaşayış zonalarında yol problemlərinin daha geniş miqyasda müşahidə olunduğu bildirilir. Ümumiyyətlə, son bir-iki ayda qeydə alınan davamlı yağıntıdan sonra eyni mənzərə şəhərin əksər ərazilərində tez-tez təkrarlanır və hər dəfə yollar qısa müddətdə yenidən yararsız vəziyyətə düşür.
Bu isə göstərir ki, yalnız lokal və müvəqqəti təmir işləri problemin həllinə kifayət etmir və daha sistemli yanaşmaya ehtiyac var. Hazırkı vəziyyət onu deməyə əsas verir ki, bir çox ərazidə illərdir davam edən yol problemləri hələ də tam şəkildə aradan qaldırılmayıb.
Günel Cəlilova

