Ermənistanda təşviş: Kərki kəndi Azərbaycana QAYTARILACAQ

20:02 / 12.10.2024
351

Ermənistan parlamentinin oktyabrın 22-də başlayacaq iclaslarında delimitasiya komissiyalarının Əsasnaməsinin ratifikasiyası müzakirəyə çıxarılacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, sözügedən sənəd parlamentin Xarici əlaqələr komitəsinin oktyabrın 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qəzet yazır ki, parlamentin “Mənim şərəfim var” müxalifət fraksiyası müzakirədə iştirak etməmək barədə qərar qəbul edib.

“Hayastan” fraksiyası isə müzakirdə iştirak edib-etməmək barədə qərar verməyib.

Ermənistanda hesab edirlər ki, reqlament ratifikasiya olunduqdan sonra, sərhədlərin delimitasiyası prosesi yeni sürət götürəcək.

Hətta hakimiyyət dairələrində deyirlər ki, növbəti raundda Naxçıvanın işğal altındakı Kərki kəndinin Azərbaycana qaytarılması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.

"Hraparak"ın məlumatına görə, b​​​u istiqamətdə yayılan xəbərlər Ermənistan cəmiyyətində təşvişə səbəb olub.

Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalayıblar.

Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun davam etdirilə bilər.

Əsasnamədə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub. Onun əsasında qəbul ediləcək əsasnamə və sənədlərin delimitasiya işlərinin tam gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayacağı iddia edilir.

Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin 960 hektara yaxın ərazisi var. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır.

Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir.

Kərki kəndində 150-dək erməninin qanunsuz məskunlaşdığına dair məlumatlar var.

Kərki kəndi hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş esklav yaşayış məntəqəsidir. 

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında aparılan sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.

Həmin kəndlər 24 may 2024-cü il tarixində təhvil verilib.

Hazırda erməni işğalı altında 4 kəndimiz qalır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi.

Həmin kəndlər hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.

Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.


 

0