Mütəxəssislər sərfəli və etibarlı 5 işlənmiş krossoveri açıqladı

AVTO
22:24 / 03.10.2026
175

İşlənmiş avtomobil almaq istəyənlər üçün etibarlılıq və qiymət əsas meyarlardan biridir. Mütəxəssislər uzunömürlülüyü, yanacaq sərfiyyatı və texniki xidmət xərcləri baxımından diqqətəlayiq olan beş krossoverin adını açıqlayıblar.

HİT.az xəbər verir ki, "GOBankingRates" ekspertlərinin hazırladığı siyahıya Honda CR-V, Toyota RAV4, Mazda CX-5, Mazda CX-9 və Subaru Forester daxil edilib.

Honda CR-V illərdir işlənmiş avtomobil bazarında populyarlığını qoruyur. Model qənaətcil yanacaq sərfiyyatı, nisbətən aşağı texniki xidmət xərcləri və etibarlılığı ilə seçilir. Mütəxəssislərin fikrincə, CR-V ciddi təmirə nadir hallarda ehtiyac duyur və uzun müddət istismar oluna bilir.

Toyota RAV4 də etibarlılığı ilə seçilən krossoverlər sırasında göstərilib. Modelin əsas üstünlükləri arasında aşağı yanacaq sərfiyyatı və yüksək ikinci əl bazar dəyəri qeyd olunur. Avtomobilin qiyməti buraxılış ili, nəsli, mühərrik tipi və yürüşündən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.

Siyahıda Mazda CX-5 də yer alıb. Bu model etibarlılığı ilə yanaşı, keyfiyyətli interyeri və rahat idarəetməsi ilə fərqlənir. Mütəxəssislər onu münasib ilkin qiymətə sahib krossoverlərdən biri kimi qiymətləndiriblər.

Daha böyük avtomobil axtaranlar üçün Mazda CX-9 diqqətçəkən seçim hesab olunur. Geniş salonu, komfortlu idarəetməsi və nisbətən münasib qiyməti modelin əsas üstünlükləri sırasında göstərilir. İki fərqli nəsilə sahib olması səbəbindən işlənmiş CX-9-ların qiymət aralığı kifayət qədər genişdir.

Beşliyə Subaru Forester də daxil edilib. Tam ötürücü sistemi sayəsində avtomobil yüksək keçiciliyi ilə seçilir. Bundan başqa, model təhlükəsizlik göstəriciləri və etibarlılığı ilə də fərqlənir.

Mütəxəssislər bildirirlər ki, işlənmiş avtomobil seçərkən yalnız modelin ümumi etibarlılığına deyil, konkret avtomobilin texniki vəziyyətinə, yürüşünə və əvvəlki sahibinin ona necə qulluq etdiyinə də diqqət yetirmək vacibdir.

Samir

0