XIX əsrdə dərc olunan bir məqalədəki tarix səhvi kosmik hava şəraitinin texnologiyaya təsiri ilə bağlı ən erkən hadisələrdən birinin uzun müddət yanlış anlaşılmasına səbəb olub.
HİT.az xəbər verir ki, alimlər tarixi arxivləri, dəmir yolu sənədlərini və maqnit müşahidələrini araşdıraraq hadisənin 1841-ci ildə deyil, 1848-ci ildə baş verdiyini müəyyənləşdiriblər.
Araşdırmanın əsasını 1871-ci ildə “Nature” jurnalında anonim müəllif tərəfindən dərc olunan məqalə təşkil edib. Yazıda İngiltərənin Ekseter şəhərində dəmir yolunun 1841-ci ilin oktyabrında güclü maqnit qasırması səbəbindən fəaliyyətində problem yarandığı bildirilirdi.
Lakin alimlər mühüm uyğunsuzluq aşkarlayıblar. Hadisənin baş verdiyi qeyd olunan dəmir yolu xətti 1841-ci ildə hələ mövcud olmayıb. South Devon Railway Company yalnız 1844-cü ildə xəttin tikintisinə icazə alıb, Ekseter-Plimut marşrutunun həmin hissəsi isə 1846-cı ildə istifadəyə verilib.
Tədqiqatçılar Qrinviç Maqnit Rəsədxanasının XIX əsrə aid ölçmələrini də araşdırıblar. Məlumatlar 18 oktyabr 1848-ci il tarixində güclü geomqanit aktivliyinin olduğunu göstərib. 1841-ci ilin eyni tarixində isə hadisəyə uyğun qeyri-adi maqnit dəyişiklikləri qeydə alınmayıb.
Digər tarixi mənbələr də 1848-ci il versiyasını dəstəkləyib. Həmin ilin oktyabrında Britaniya qəzetləri qeyri-adi qütb parıltısı barədə məlumat yayıb, astronom Templ Şevalye isə oktyabrın 19-da Günəşdə ləkələri müşahidə edib.
Alimlər həmçinin həmin dövrün qatar cədvəllərini araşdıraraq Ekseterdən saat 22:05-də yola düşən ekspress qatarın 1848-1849-cu illərdə fəaliyyət göstərdiyini müəyyənləşdiriblər. Bu vaxt köhnə məqalədə qeyd olunan gecikmə ilə üst-üstə düşür.
Tədqiqatçılar nəticəyə gəliblər ki, 1871-ci il məqaləsindəki “1841” tarixi böyük ehtimalla çap səhvi olub və dəmir yolundakı nasazlıq 1848-ci ilin güclü geomqanit qasırğası zamanı baş verib. Bu hadisə kosmik hava şəraitinin texniki sistemlərə təsirinin tarixdəki erkən nümunələrindən biri hesab olunur.
Samir


