Antarktidada qışın ortasında dəniz buzlarının arasında nəhəng açıq su sahəsi yaranıb. Təxminən 90 min kvadratkilometr ərazini əhatə edən bu qeyri-adi hadisə alimlərin diqqətini cəlb edib.
HİT.az xəbər verir ki, hadisə 2024-cü ilin avqustunda Şərqi Antarktidada yerləşən Breyd körfəzində qeydə alınıb. Bu ərazi ilin həmin dövründə adətən tamamilə buzla örtülür. Lakin peyk görüntülərində buz örtüyünün arasında Portuqaliyanın ərazisinə yaxın ölçüdə nəhəng açıq su sahəsi aşkarlanıb.
Hindistandan olan, geoloq Cibancoti Sveyinin rəhbərlik etdiyi tədqiqat qrupu hadisənin bir neçə ekstremal hava şəraitinin üst-üstə düşməsi nəticəsində yarandığını müəyyənləşdirib.
Alimlərin məlumatına görə, 2024-cü ilin iyul və avqust aylarında Antarktidaya altı güclü atmosfer çayı çatıb. Atmosfer çayları tropik və subtropik ərazilərdən yüksək enliklərə böyük miqdarda su buxarı daşıyan dar hava axınlarıdır. Onlardan bəziləri Antarktida qışının ortasında müşahidə edilən ən güclü rütubət daşınması hadisələri arasında olub.
Bu isti və rütubətli hava axınları atmosferin isinməsini gücləndirib və okeanın səthinə çatan istilik miqdarını artırıb. Nəticədə həmin ərazidə dəniz buzunun formalaşması üçün əlverişli şərait zəifləyib.
Bununla yanaşı, güclü küləklər okeanın dərinliklərindəki daha isti suyun səthə qalxmasına səbəb olub. Alimlərin fikrincə, Ekman effekti ilə əlaqəli bu prosesdə isti dərinlik suları səthə çıxaraq okeanın donmasının qarşısını alıb və buzların arasında açıq su sahəsinin qalmasına şərait yaradıb.
Beləliklə, nəhəng dəliyin yaranmasına atmosferin isinməsi, güclü küləklər və okeanın dərinliklərindən gələn istiliyin birgə təsiri səbəb olub.
Tədqiqat müəllifləri gələcəkdə buna bənzər hadisələrin daha tez-tez baş verə biləcəyini düşünürlər. Onların qiymətləndirməsinə görə, iqlim dəyişiklikləri atmosfer axınlarını gücləndirə, istilik dalğalarının tezliyini və davamlılığını artıra, həmçinin Cənub okeanının üst qatlarının isinməsinə səbəb ola bilər.
Bu proses dəniz buzlarının sahəsinin azalmasına gətirib çıxara və əvvəllər nisbətən sabit hesab olunan bölgələrdə belə buz örtüyünün zəifləməsinə səbəb ola bilər.
Samir


