ATƏT-in Minsk qrupu 2025-ci ildə ləğv olunacaq? - ŞƏRH

SİYASƏT
10:16 / 13.01.2025
53

"Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun bu il ləğv olunma ehtimalını nəzərdən keçirmək üçün bir neçə əsas aspekti təhlil etmək lazımdır".

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O xatırladıb ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb və əsas məqsədi Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək olub:

"Lakin 2020-ci ildəki 44 günlük müharibədən sonra bölgədəki reallıqlar kəskin şəkildə dəyişdiyi üçün ATƏT-in Minsk qrupu da öz funksionallığını və effektivliyini böyük ölçüdə itirdi.

Uzun müddətdir ki, Azərbaycanın Minsk qrupunun fəaliyyəti ilə bağlı tənqidləri mövcuddur. Rəsmi Bakı dəfələrlə Minsk qrupunun 30 ilə yaxın müddət ərzində heç bir konkret nəticə əldə edə bilmədiyini vurğulayıb. Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü bərpa etdi və bununla da Minsk qrupunun əsas missiyası, başqa sözlə desək, "status məsələsi" de-fakto aradan qalxdı".

365823

Ekspert diqqətə çatdırıb ki, son zamanlarda Ermənistan hakimiyyətindən gələn açıqlamalar İrəvanın da yeni reallıqları qəbul etmək məcburiyyətində olduğunu göstərir:

"Ermənistanın Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğvinə dair tələbini müsbət qarşılaması bölgədə yeni münasibətlər sistemi qurmaq istəyindən irəli gələ bilər. Bu, Ermənistanın regionda iqtisadi əməkdaşlıq və kommunikasiyaların açılmasında maraqlı olduğunu göstərir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa – arasında geosiyasi qarşıdurma Minsk qrupunun fəaliyyətini tamamilə iflic etdi. 

Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ və Fransa Rusiyanı təcrid etməyə çalışır. Bu isə öz növbəsində Minsk qrupu daxilində konsensusun əldə olunmasını qeyri-mümkün edir. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun formal şəkildə ləğvi texniki baxımdan çətin olsa da, onun artıq de-fakto fəaliyyətsiz olduğunu söyləmək mümkündür".

Rüstəm Tağızadə onu da əlavə edib ki, Bakı və İrəvan ATƏT-in Minsk qrupu mexanizmlərindən kənarda ikitərəfli və ya üçtərəfli formatda məsələləri müzakirə edib:

"Bu isə Minsk qrupunun əhəmiyyətini tamamilə azaldır. Fikrimcə, qrupun ləğvi Azərbaycanın Rusiya-Türkiyə vasitəçiliyi ilə formalaşan üçtərəfli mexanizmlərə daha çox diqqət ayırmasına imkan verəcək. Minsk qrupunun yoxluğu isə ABŞ və Fransanın bölgədəki təsirini minimuma endirəcək. Əlbəttə ki, bu da Azərbaycanın maraqlarına uyğun ola bilər. 

Həmçinin, Ermənistanın Minsk qrupunun artıq faydalı olmadığını qəbul edərək Azərbaycanla yeni əməkdaşlıq formatlarına açıq olma ehtimalı da var. Bu isə həm iqtisadi dirçəliş, həm də regional təcridin azaldılması baxımından vacibdir".

Müsahibimiz hesab edir ki, ATƏT-in Minsk qrupu ləğv olunarsa, Ermənistan üçün Rusiyanın vasitəçiliyindən asılılıq artacaq:

"Bu isə müəyyən narahatlıq doğura bilər. Eyni zamanda, ABŞ və Fransanın Minsk qrupunun ləğvinə etiraz etməsi mümkündür. Çünki bu, onların regiondakı təsir dairəsinin azalmasını ifadə edir. Lakin bölgədəki reallıqları nəzərə alsaq, bu etirazların real nəticələr verəcəyi gözlənilmir.

Əslində, ATƏT-in Minsk qrupunun ləğvi həm texniki, həm də siyasi baxımdan mümkündür. Lakin bu qərar artıq onun fəaliyyətsiz vəziyyətinin rəsmiləşdirilməsi xarakteri daşıyacaq. Azərbaycanın bu istiqamətdə təzyiqləri, Ermənistanın isə real vəziyyəti qəbul etməsi bu prosesi sürətləndirə bilər. Rəsmi Bakı məntiqi olaraq bu siyasi prosesin arxasında dayanır. Regionda yeni reallıqlar yarandıqdan sonra bu prosesin olması düzgün və milli maraqlarımıza uyğundur".

Pərviz

0