Son zamanlarda Bakı Metropolitenində texniki nasazlıqların tez-tez baş verməsi qatarların hərəkət intervalının artmasına və stansiyalarda sərnişin sıxlığının yaranmasına səbəb olur.
Bu hal isə sərnişinlərin haqlı narazılığına gətirib çıxarır. Bəs metropolitendə təkrarlanan bu problemlərin əsas səbəbləri nələrdir?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, texniki nasazlığın səbəblərindən biri kimi intervalların artması göstərilir:

“Bunun texniki baxımdan mümkün olduğunu qeyd etmək olar. Bakı Metrosu son dövrlərdə ən yüksək sərnişin yükünü daşıyan nəqliyyat vasitələrindən birinə çevrilib. Sərnişin axınının artması ilə yanaşı, metro stansiyalarında yaranan sıxlıq da artıq insanlarda narahatlıq doğurur.
Problemin əsas səbəblərindən biri kimi “Nizami” stansiyası ilə “28 May” stansiyası arasındakı tunel sahəsində mövcud olan məhdudiyyət də qeyd edilir. Həmin sahənin aradan qaldırılması öz növbəsində qatarların hərəkətinin təşkilinə müsbət təsir göstərə və sərnişin sıxlığının azalmasına imkan yarada bilər”.
Ekspert sözlərini belə yekunlaşdırıb:
“Bu gün metro infrastrukturunun yüksək səviyyədə yüklənməsi, əhalinin artması, miqrasiya prosesləri və bu amillər arasında koordinasiyanın tam təmin olunmaması mövcud problemi daha da aktuallaşdırır və vəziyyəti çətinləşdirir. Məsələyə daha pozitiv yanaşmaq lazımdır. Yaxın zamanda problemin həllini tapacağı və mövcud vəziyyətin yüksək səviyyədə aradan qaldırılacağı gözlənilir”.
Sevinc


