Payız mövsümünün gəlişi ilə yerli bazarlarda gündəlik tələbat məhsullarından olan kartofun qiymətində də dəyişiklik müşahid olunur.
Piştaxtalarda təklif olunan məhsulun qiyməti onun keyfiyyətindən, çəkisindən və təqdim olunma formasından asılı olaraq dəyişir. Son günlər bazarlarda xüsusilə topdansatış və ya qablaşdırılmış kartof paketlərinə tələbat diqqət çəkir.
Maraqlıdır, bazarda kartof neçəyədir? Hit.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün bazara üz tutub...
Hazırda kartofun 10 kiloqramlıq paketlərinin satış qiyməti 8 manatdan başlayaraq 10 manata qədər təklif olunur. Lakin məhsulun növündən və ölçüsündən asılı olaraq bu qiymətlər daha da yüksələ bilir. Bəzi satış məntəqələrində xüsusi seçilmiş 10 kiloqramlıq paketlərin qiyməti 11-13 manat civarında alıcılara təqdim olunur.
Pərakəndə satışda isə kartofun bir kiloqramının qiyməti keyfiyyət göstəricilərinə görə 80 qəpiklə 1 manat arasında dəyişir. Satıcılar qiymətlərdəki bu fərqi məhsulun mənşəyi və daşınma xərcləri ilə izah edirlər. İri və zədəsiz kartof növləri daha yüksək qiymətə satıldığı halda, orta və kiçik ölçülü məhsullar daha mülayim qiymətə təklif edilir.
Alıcılar qiymət artımının məişət büdcəsinə təsir etdiyini bildirirlər. Kartofan çox istifadə edən və ya bazara tez-tez gələ bilməyən insanlar isə əsasən 10 kiloqramlıq paketlərə üstünlük verirlər...
Pərviz

