ABŞ-da dizel böhranı: Yanacağın qiyməti bir neçə aya ikiqat artdı

DÜNYA
14:10 / 16.09.2026
38

ABŞ-da dizel yanacağının qiyməti rekord həddə yüksəlib. Ukrayna ilə Rusiya arasında mümkün atəşkəsin isə ölkədə yanacağın ucuzlaşmasına qısa müddətdə təsir etməyəcəyi bildirilir.

HİT.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşrində yayımlanan məqalədə qeyd olunur. Yazıda bildirilib ki, ABŞ-da dizelin bir qallonunun orta qiyməti 6,27 dollara çatıb. Bu göstərici fevralın sonundakı qiymətdən təxminən iki dəfə yüksəkdir.

Nəşrin köşə yazarı Uill Qottsagen hesab edir ki, ABŞ Prezidenti Donald Tramp dizel qiymətlərinin artmasına görə Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələr endirməsini səbəb kimi göstərməklə diqqəti İran müharibəsindən yayındırmağa çalışır.

Məqalədə vurğulanır ki, ABŞ-dakı dizel bazarına Yaxın Şərqdəki vəziyyət daha ciddi təsir göstərir. Dizel istehsalında istifadə olunan xam neftin çatışmazlığı fevral ayında Hörmüz boğazının faktiki olaraq bağlanmasından sonra dərinləşib. Kükürd tərkibi yüksək və daha ağır olan Yaxın Şərq nefti dizel istehsalı üçün əlverişli xammal hesab olunur. Eyni zamanda, regiondakı bir sıra neft emalı zavodlarının zərər görməsi və ya fəaliyyətini dayandırması qlobal təchizata təsir göstərib.

Problemin yalnız ABŞ-la məhdudlaşmadığı qeyd edilir. Yay mövsümünün ən yüksək tələbat dövründə dünya üzrə neft emalı müəssisələrinin ötən illə müqayisədə sutkada 4,2 milyon barel daha az məhsul istehsal etdiyi bildirilir. Rusiyanın dünyanın ikinci ən böyük dizel ixracatçısı olması səbəbindən Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının da bazardakı vəziyyəti daha da çətinləşdirdiyi vurğulanır.

ABŞ Neft İnstitutunun məlumatına görə, ölkənin neft emalı zavodları hazırda yüksək güclə işləyir və ABŞ ötən illə müqayisədə daha çox neft məhsulu ixrac edir. Bununla belə, zavodların mövsümi texniki xidmət üçün fəaliyyətini müvəqqəti dayandırması təklifin azalması riskini artırır.

Kpler analitik şirkətinin xammal bazarları üzrə tədqiqat direktoru Mett Smit isə Ukraynanın hücumlarının ABŞ-da dizel qiymətlərinin artımının əsas səbəbi olmadığını bildirib. Onun sözlərinə görə, hətta Rusiya və Ukrayna dərhal atəşkəsə razılaşsa belə, qlobal neft emalı güclərinin bərpası vaxt aparacaq.

Eurasia Group-un enerji tarixçisi və baş analitiki Qreqori Bryu da hesab edir ki, atəşkəsin dizel qiymətlərinə təsir göstərməsi üçün gərginliyin ən azı bir neçə həftə davamlı şəkildə azalması lazım gələ bilər.

Beləliklə, ekspertlərin fikrincə, Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs ABŞ-da dizelin qiymətinin dərhal aşağı düşməsinə zəmanət vermir. Bunun üçün neft emalı və qlobal yanacaq təchizatındakı problemlərin də aradan qalxması tələb olunur.

Samir

0