Avropa İttifaqı ölkələri son beş ildə müdafiə xərclərini təxminən 80 faiz artırıb.
HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentindəki proqram xarakterli çıxışında bildirib.
Onun sözlərinə görə, müdafiənin maliyyələşdirilməsindəki bu əhəmiyyətli dəyişiklik sayəsində Avropa "təhlükəsizliyin təmin edilməsinə yanaşmasını köklü şəkildə yenidən nəzərdən keçirə" bilib və hazırda "özünü heç vaxt olmadığı qədər yaxşı müdafiə etmək iqtidarındadır".
Bununla belə, Avropa Komissiyasının rəhbəri etiraf edib ki, təhlükəsizlik məsələlərində Avropa hələ də ABŞ-dan ciddi şəkildə asılıdır. Xüsusilə havada yanacaq doldurma və strateji hava daşımaları kimi əməliyyatların həyata keçirilməsi üçün kritik əhəmiyyət daşıyan sahələrdə bu asılılıq qalmaqdadır.
"Euractiv" xatırladır ki, ötən ilki proqram xarakterli çıxışında bu strateji imkanlar Aİ-nin 2030-cu ilədək özünü müdafiə edə bilməsi üçün aradan qaldırmalı olduğu müdafiə potensialındakı doqquz boşluğun siyahısına daxil edilmişdi.
"Yalnız birlikdə Avropa bunları təmin etmək üçün lazımi miqyasa malikdir", – deyə fon der Lyayen builki çıxışında vurğulayıb.
O, təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə ümumavropa səviyyəsində yeni strateji alətin yaradılacağını açıqlayıb, lakin təşəbbüslə bağlı əlavə təfərrüat verməyib.
Avropa Komissiyasının rəhbərinin bildirdiyi yeganə detal ondan ibarət olub ki, yeni təşəbbüs hava hücumundan və raket hücumlarından müdafiə, strateji nəqliyyat və havada yanacaq doldurma, kosmik və kiberməkan imkanlarını əhatə edəcək.
Samir


