“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tərəfdaş dövlət statusu əldə etməsi ilk növbədə dünyada dəyişən güc balansının yaratdığı yeni imkanlardan ölkəmizin düzgün istifadə etdiyini göstərir”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu statusu yalnız diplomatik protokol hadisəsi kimi qiymətləndirmək doğru olmaz:
“Söhbət Azərbaycanın xarici siyasətində yeni istiqamətin açılmasından, ölkəmizin Asiyanın böyük siyasi və iqtisadi məkanına daha sıx inteqrasiyası üçün əlavə imkan qazanmasından gedir. ŞƏT-in əhəmiyyətini Azərbaycanın mövqeyindən qiymətləndirərkən əsas məqam təşkilatın özünün dəyişən dünya düzənində artan çəkisidir.
Çin, Rusiya, Hindistan, Pakistan, Mərkəzi Asiya dövlətləri və digər ölkələri əhatə edən bu məkan həm böyük iqtisadi potensiala, həm enerji və nəqliyyat imkanlarına, həm də mühüm siyasi resurslara malikdir. Azərbaycan isə həmin məkanın kənarında dayanan dövlət deyil. Xəzər üzərindən Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən ölkə kimi Azərbaycanın coğrafiyası onu ŞƏT məkanında təbii tərəfdaşa çevirir”.
Millət vəkili qeyd edib ki, burada Azərbaycanın strateji üstünlüyü məhz coğrafiyanın siyasi və iqtisadi resursa çevrilməsidir:
“Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ticarət yollarının şaxələndirilməsi, Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın tranzit imkanlarını daha da ön plana çıxarır. Deməli, ŞƏT tərəfdaşlığı Azərbaycana yalnız siyasi dialoq platforması vermir; ölkəmizin nəqliyyat və logistika potensialının daha geniş iqtisadi məkanla əlaqələndirilməsi üçün əlavə siyasi imkan yaradır.
Bu məsələnin Azərbaycan üçün başqa mühüm tərəfi Mərkəzi Asiya ilə münasibətlərin yeni səviyyəyə yüksəlməsidir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətləri ilə əlaqələrini ardıcıl şəkildə genişləndirib.
ŞƏT platforması həmin münasibətləri ikitərəfli əlaqələrdən daha geniş çoxtərəfli müstəviyə çıxarmaq imkanı verir. Beləliklə, Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığı yalnız Türk Dövlətləri Təşkilatı çərçivəsində deyil, daha geniş beynəlxalq formatlarda da inkişaf etdirə bilər”.
Həmsöhbətimiz vurğulayıb ki, burada mühüm siyasi məqam var:
“Azərbaycan ŞƏT-ə tərəfdaş olmaqla hər hansı başqa geosiyasi istiqamətdən uzaqlaşmır. Əksinə, öz xarici siyasətinin imkanlarını genişləndirir. Azərbaycanın Türkiyə ilə müttəfiqliyi, Avropa ilə strateji tərəfdaşlığı, Mərkəzi Asiya ilə yaxınlaşması, Rusiya və Çinlə münasibətləri bir-birinə alternativ deyil. Bakı müxtəlif mərkəzlərlə münasibətlərini qarşıdurma məntiqi üzərində deyil, milli maraqlar və qarşılıqlı fayda prinsipi əsasında qurur.
Bu, Azərbaycan üçün xüsusilə vacib üstünlükdür. Çünki indiki dünyada dövlətin gücü yalnız hansısa bir ittifaqda iştirak etməsi ilə deyil, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə paralel işləyə bilməsi ilə də ölçülür. ŞƏT tərəfdaşlığı Azərbaycanın diplomatik manevr imkanlarını məhz bu baxımdan artırır”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın maraqları baxımından ŞƏT-in təhlükəsizlik gündəliyi də əhəmiyyətlidir:
“Terrorizm, separatizm, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və sərhəd təhlükəsizliyi kimi məsələlər regionların sabitliyinə birbaşa təsir edir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regional təhlükəsizlik məsələlərinə yanaşması da yeni mərhələyə keçib. Bakı üçün əsas məqsəd Cənubi Qafqazda dayanıqlı sülh yaratmaqla yanaşı, regionu daha geniş təhlükəsizlik və əməkdaşlıq sistemlərinə bağlamaqdır.
ŞƏT platforması bu baxımdan Azərbaycanın səsini Asiyanın aparıcı dövlətlərinə daha geniş şəkildə çatdırmaq üçün əlavə imkan yaradır. Xüsusilə Qarabağdan sonra formalaşmış yeni reallıqların beynəlxalq səviyyədə möhkəmlənməsi baxımından Azərbaycanın müxtəlif çoxtərəfli platformalarda fəal iştirakı mühüm siyasi dividendlər verir”.
Onun sözlərinə görə, bundan sonra əsas məsələ statusun özündən daha çox onun hansı nəticələr doğuracağıdır:
“Azərbaycan ŞƏT çərçivəsində nəqliyyat, logistika, enerji, rəqəmsal texnologiyalar, investisiya və təhlükəsizlik sahələrində konkret təşəbbüslərlə çıxış etməklə tərəfdaşlıq formatını praktik məzmunla zənginləşdirə bilər. Əgər bu imkanlar ardıcıl şəkildə reallaşdırılarsa, Azərbaycan ŞƏT məkanında sadəcə tərəfdaş ölkə kimi deyil, Avrasiya bağlantılarında mühüm əlaqələndirici dövlət kimi daha güclü mövqe qazana bilər.
Mənim proqnozum budur ki, qarşıdakı illərdə Azərbaycanın ŞƏT-lə münasibətləri xüsusilə üç istiqamətdə dərinləşəcək: Orta Dəhliz və tranzit imkanları, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiya və enerji əməkdaşlığı. Bunun fonunda Azərbaycanın Şərqlə Qərb arasında körpü rolu da daha çox siyasi məzmun qazanacaq”.
E. Akimova əlavə edib ki, ən mühüm nəticə Azərbaycanın bu prosesdə kiminsə geosiyasi düşərgəsinə daxil olan ölkə kimi deyil, müxtəlif güc mərkəzləri arasında əlaqələr yaradan və öz gündəliyini formalaşdıran dövlət kimi çıxış etməsidir:
“ŞƏT tərəfdaşlığı da məhz bu siyasətin davamıdır. Azərbaycanın məqsədi xəritədə öz yerini dəyişmək deyil, xəritənin əhəmiyyətini öz xeyrinə dəyişməkdir.
Bu gün Bakı üçün ən böyük geosiyasi kapital məhz budur: ölkəmiz artıq yalnız mühüm coğrafi mövqeyə malik dövlət deyil, həmin coğrafiyanın yaratdığı imkanları siyasi, iqtisadi və nəqliyyat gücünə çevirə bilən aktordur”.
Elmir Mustafa



